Sabunçuda polis əməkdaşı idarədən tapança oğurlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində silah oğurlamaqda ittiham olunan keçmiş polis işçilərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
virtualaz.org-un xəbərinə görə, ötən ilin dekabrında Sabunçu rayon Polis idarəsindəki “Zəfər K” tapançalarından birinin yoxa çıxması məlum olub. Bu fakt Bakı şəhər Baş Polis İdarəsindən gələn yoxlama nəticəsində üzə çıxıb. Silahın axtarışı bir neçə ay davam edib və nəhayət bu ilin aprelində polis əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bununla bağlı saxlanıblar. Sabiq polis işçilərinə qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələrilə ittiham irəli sürülüb.
İstintaq materiallarına görə, M.Allahverdiyev polis idarəsinin növbətçi hissəsindəki saxlanc yerindən silahı götürüb, dostu olan E.Mustafayevin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə, qandal, dəyənək və s. də olub.
Sabiq polis işçisi ifadəsində pula ehtiyacı olduğu üçün belə bir addım atdığını deyib. O, bağa apardığı çantanın içində tapança olmasından E.Mustafayevin xəbəri olmadığını bildirib.
Təqsirləndirilən E.Mustafayev ifadəsində silahın oğurlanmasında və gizlədilməsində özünü təqsirli bilməyib. O bildirib ki, Allahverdiyevin işdən tapança götürməsindən, onu satmaq istəməsindən və bağa gətirdiyi çantada gizlətməsindən məlumatı olmadığını göstərib.
Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlanan zaman bir sıra şəxslər cəzalandırılıb. Növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib. Silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.
S.Rzayev deyib ki, silahın yoxa çıxması məsələsinin üstü açılandan sonra dəfələrlə əməkdaşlara müraciət olunub: "Ora başqa adamların giriş imkanı yox idi. Pandemiya dövrü idi, üstəlik, müharibə də başladı, iş rejimi həddindən artıq ağır idi. Silahlarla bağlı qeydiyyat aparanda biri çatmadı".
Məhkəmə prosesi davam edir.
virtualaz.org
539 dəfə oxundu