Həbsxanada işgəncə və zorlama: aralarında azərbaycanlılar da var...

Həbsxanada işgəncə və zorlama:

Mühacirətdə olan Vladimir Oseçkinin rəhbərlik etdiyi “Gulagu.net” insan haqları layihəsi Rusiya həbsxanalarında məhbuslara dəhşətli işgəncə verilməsini əks etdirən daha bir şok videokadrlar yayıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, işgəncə və məhbusların zorlanması Saratovdakı 1 saylı həbsxana xəstəxanasında baş verib. Bundan əvvəl “Gulagu.net” həmin xəstəxanada məhbuslara qeyri-insani işgəncələrin verilməsini əks etdirən başqa görüntüləri də yaymışdı. Həmin görüntüləri hazırda Avropada mühacirətdə olan keçmiş məhbus Sergey Savelyev gizlicə toplayıb və insan haqları müdafiəçisinə ötürüb. Belə ki, Savelyev həbsxana administrasiyasının göstərişi ilə işgəncə videolarının kompüterdə arxivləşdirilməsi ilə məşğul olurdu.

“Bu gün sizə ruslara, dağıstanlılara, çeçenlərə, gürcülərə və azərbaycanlılara qarşı törədilmiş cinayətlərin videofayllarını göstəririk. Bu cinayəti kimlərin törətdiyi, təşkil etdiyi, kimlərin ona nəzarət etdiyi bütün detalları ilə məlumdur. Söhbət Cəzaların İcrasına Nəzarət üzrə Federal Xidmətin 10 əməkdaşından gedir, onlar nəinki işgəncələrə nəzarət ediblər, eyni zamanda onu gizlətmək üçün daha sonra əllərindən gələni ediblər”, - Oseçkin bildirir. (redaksiya həmin işgəncə kadrlarının təkrar yayılmasını uyğun hesab etmir, - red.)

İnsan haqları müdafiəçiləri bildirirlər ki, məhbusların zorlanmasını və işgəncə verilməsini başqa məhkumlar həbsxana administrasiyasının tapşırığı ilə həyata keçiriblər. İşgəncələrə məruz qalanlar isə həbsxana administrasiyası ilə əməkdaşlıqdan imtina edənlər olub. Bütün işgəncə səhnələri əməkdaşların xidməti videoregistratorları ilə qeydə alınıb.

Bildirilir ki, kuratorların tapşırığı əsasında həbsxana administrasiyasına işləyən məhbuslar ruslara, çeçenlərə, dağıstanlılara, azərbaycanlılara və Rusiyada yaşayan digər xalqların nümayəndələrinə işgəncə verib. Onları müxtəlif predmetlərlə zorlayıb. İşgəncə və zorlama videoları həbsxana xəstəxanasının rəisi Pavel Qatsenko tərəfindən “Məxfi” qrifi ilə Cəzaların İcrasına Nəzarət üzrə Federal Xidmətə, Federal Təhlükəsizlik Xidmətinə hesabat üçün göndərilib.

Xatırladaq ki, bundan əvvəl yayılmış işgəncə videolarına görə Rusiyanın federal hüquq-mühafizə orqanları Saratova komissiya göndərib, cinayət işləri açılıb. Amma hələlik həbs olunan yoxdur. Eyni zamanda həmin videoları hüquq müdafiəçisinə ötürən keçmiş məhbusa qarşı da cinayət işi qaldırılıb.

virtualaz.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...