"Tədbirlər Vüqar Səfərlinin nəzarətində olurdu" - Təqsirləndirilən şəxs

"Tədbirlər Vüqar Səfərlinin nəzarətində olurdu" -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.İbrahimov dindirilib.

O bildirib ki, inzibatçı kimi çalışdığı “Altun” restoranında KİVDF-nin iki tədbirini təşkil edib: "Restoranda 350-400 nəfərlik tədbirin keçirilməsi bizə tapşırıldı. Stolun biri 60 manatdan hesablanırdı. Dövlət tədbiri olduğu üçün Vüqar Səfərlinin nəzarətində olurdu. Mərasimdən sonra 15-20 nəfərlik yığıncaq olurdu. Tədbirin görünməyən tərəfində 80-100 nəfərlik stol açılırdı. Müğənnilərin və aparıcının gətirilməsi məsələsini isə onlara həvalə edirdik. Onlar tərəfindən hesabımıza daxil olan pulu götürmək səlahiyyətim yox idi".

Daha sonra digər təqsirləndirilən B.Fətullayev deyib ki, 2019-cu ildə “Xəmsə” restoranında icradar işləyib: "Tədbirlərlə bağlı tender elan edilməsini eşitdik. Elektron qaydada tərtib olundu və iştirak etmək üçün müraciət etdik. Tenderdə iştirak üçün pul ödəmişəm. Bizim mühasibatlıqda müqavilə imzalandı. Müqavilədə göstərilən bütün qaydaları lazımi qaydada yerinə yetirmişik. Mənə qarşı irəli sürülən ittihamda göstərilir ki, Təhminə Yaqubova və Vüqar Səfərlidən guya tədbirdən sonra nağd şəkildə ödəniş almışam. Bu ittihamı qəbul etmirəm. Orada qonaqlar var idi ki, menyuda olmayan yemək və içkilər sifariş edirdi, təbii ki, bunun da hesaba təsiri var idi. Mərasimdən öncə və ya sonra mənim Vüqar müəllimlə heç bir ünsiyyətim və sövdələşməm olmayıb".

Proses noyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 359 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...