"Tək Masazırda yox... " - Ata Abdullayevin məmurdan pul tələb etməsi epizodu ilə bağlı İFADƏSİ

"Tək Masazırda yox... " -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gundeminfo.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, ötən iclasda şahid Ziya Məmmədovun barəsində məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilsə də o, bu gün yenə məhkəməyə gəlməyib.

Məhkəməyə məlumat daxil olub ki, o, iş materiallarında göstərilən ünvanda yaşamır.

Daha sonra şahidin istintaq zamanı verdiyi ifadəsi ilə kifayətlənmək məsələsi müzakirəyə çıxarıb.

Təqsirləndirilən şəxs vəkili Telman Talıbov buna etiraz edərək şahidin dindirilməsində israrlı olduğunu bildirib.

A.Abdullayev də Z.Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib: “Mənə telefonu Ziya hədiyyə edib. Deməli, mən də onu Ziyaya qaytarmalıyam. O, da hazırda burada yoxdur. Xahiş edirəm, şahid məhkəməyə gəlsin”.

Şahidin tapılaraq məhkəməyə gətirilməsi istiqamətində daha bir qərar çıxarılıb.

A.Abdullayev deyib ki, cinayət işi üzrə adı keçən şəxslərin heç birindən pul tələb etməyib.

O, Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov pul tələb etməsi epizodu ilə bağlı danışıb: “Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda zibillərin daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları da yox idi. Olanların da təkərləri yox idi ki, normal qaydada daşınsın. Orada natəmizlik hökm sürürdü. Sonra 15 gün ərzində zibil qutuları yeniləndi”.

Məhkəmənin növbəti baxış iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...