Dörd nəfərin ölümündə təqsirləndirilən “Qurtuluş 93”ün vəzifəli şəxsi ifadə verdi

Dörd nəfərin ölümündə təqsirləndirilən “Qurtuluş 93”ün vəzifəli şəxsi ifadə verdi
Dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. GUNDEMİNFO.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə Elşad Kəlbəliyev ifadə verib.
O bildirib ki, həmin gün Novxanı qəsəbəsindəki “My Beach Novkani” restoranından gəlib: “Novxanı qəsəbəsinin ərazisində döngədə yolun kənarında bir neçə nəfər dayanmışdı. Mən döngəyə çatanda adamlardan biri qəfil yola qaçdı. Mən də məcburi olaraq həmin adamı vurmamaq üçün maşını sola çəkdim. Bir də baxdım ki, solda maşınla toqquşdum. Dedilər ki, maşında beş nəfər olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra özü də xəsarət alıb və 15 gün özündə olmayıb: “Hadisə yerində kimin rəhmətə getdiyini bilmirəm. Novxanıda restorandan gəlsəm də, içkili deyildim. Ümumiyyətlə içki qəbul etmirəm.

Hakim bildirib ki, ittiham aktında hadisəni törədən şəxsin sərxoş olması göstərilib.

Vəkil Əli Hüseynov isə qeyd edib ki, təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra həkim müayinəsindən keçirilib və bütün analizlər götürülüb.

Hakim bildirib ki, növbəti prosesdə həmin həkim rəyi məhkəməyə təqdim olunmalıdır.

Zərərçəkmişlərin hüquq varisi Vüqar Əhmədov, Süleyman Şıxəliyev və Şahin Əhmədov məhkəmədə şikayət və tələblərinin olmadığını bildiriblər. Onların hər birinin oğlu qəzada dünyasını dəyişib.

Digər hüquqi varis Emin Hüseynəliyev də şikayətçi olmadığını deyib.

Növbəti proses dekabrın 23-də davam edəcək.

İttihama görə, bu ilin iyunun 14-də, gecə saat 01:00 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.

Nəticədə Murad Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, Elşad Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra Elşad Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

Elşad Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...