"Zərərçəkmiş qardaşıma sələmə pul vermişdi” - Həbsdə ölən deputatın qardaşı

"Zərərçəkmiş qardaşıma sələmə pul vermişdi” -

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində onun qardaşı Elşən Cəbrayılov dindirilib.

"Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid bildirib ki, əvvəllər tikinti biznesilə məşğul olub, hazırda isə bu sahədən uzaqlaşıb.

O deyib ki, “Dərhal” tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayandırılıb: “Mərhum qardaşım məndən 17 yaş böyük idi”.

Məhkəmədə elan edilib ki, bəzi zərərçəkmişlərin əllərində “Dərhal” MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var. Həmin müqavilələrə də şirkətin rəhbəri kimi Elşən Cəbrayılov imza atıb.

E.Cəbrayılov söyləyib ki, zərərçəkmiş Bəşir Məmmədov əslində, mənzil almaq üçün pul verməyib: “O, mərhum qardaşıma sələmə pul vermişdi. O pulu verməsi üçün də həmin müqavilə yazılıb. Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra həmin müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı şəxsin üzünü də görməmişəm”.

E.Cəbrayılov qardaşının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslərdən - Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib.

Lakin zərərçəkmişlərdən birinin nümayəndəsi, vəkil Kamandar Nəsibov şahidin yalan danışdığını deyib.

Vəkilin sözlərinə görə, bu işlərlə bağlı E.Cəbrayılovun inzibati qaydada həbs olunması üçün məhkəməyə müraciət olunub: “Elşən Cəbrayılov qardaşından istifadə edib, pulları da mənimsəyib”.

Dindirmə zamanı məlum olub ki, mərhum R.Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, E.Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

E.Cəbrayılov isə bildirib ki, bir nəfər onu aldatdığı üçün Binəqədi Rayon Polis İdarəsinə şikayət eləyib: “O qərarı aparıb Nərimanov Rayon Polis İdarəsinə təqdim elədim, məlum oldu ki, bu məsələdə mənim heç bir günahım yoxdur”.

E.Cəbrayılovun dindirməsi növbəti məhkəmə iclasında da davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Cəbrayılov bu ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...