Azərbaycanda pulemyot satmaq istəyən şəxslər ƏLƏ KEÇDİ - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Gundeminfo.az-a məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar.
Onların üzərindən 5 büküm ümumi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakinləri İlqar Cəfərzadə və Sərxan Heydərov saxlanılıblar.
Onlar birgə 1 ədəd PKM modelli “Kalaşnikov” konstruksiyalı pulemyot silahı satarkən Beyləqan rayonu ərazisində tutularaq Baş İdarəyə gətiriliblər.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
779 dəfə oxundu