Vüqar Səfərli yenidən məhkəmə qarşısında: Fəhlənin 20 minini ələ keçirib

Vüqar Səfərli yenidən məhkəmə qarşısında:

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli yenidən məhkəmə qarşısına çıxarılır.

Pravda.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Bayram Qaraşov V.Səfərliyə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclasın vaxtı məlum olub.

Belə ki, Xətai Rayon Məhkəməsində keçiriləcək proses aprelin 29-na təyin edilib. Mülki iddia hakim Şəhriyar Əliyevin sədrliyi ilə araşdırılacaq. Qeyd: vətəndaş Bayram Qaraşov mülki iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.

O bildirib ki, Səbail rayonu ərasində inşa edilən jurnalistlərin binasında 2018-2020-ci illərdə fəhlə kimi çalışıb. Lakin B.Qaraşov çalışdığı, V.Səfərliyə məxsus şirkətdən rəsmi qaydada əməkhaqqı almayıb.

V.Səfərlinin həbsindən sonra məlum olub ki, B.Qaraşova işlədiyi şirkətdən rəsmi qaydada əməkhaqqı yazılıb.

"2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərim 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödədiyimdən isə xəbərim olmayıb", - o, iddiada göstərib.

Mülki iddia Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatına verilib. Lakin iş üzrə prosesin vaxtı hələlik məlum deyil.

B.Qaraşov məhkəmədən xahiş edib ki, mülki iddiası təmin olunsun və ona dəyən maddi ziyan ödənilsin.
Xatırlatma: V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.
Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...