Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
GUNDEMİNFO.AZ Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşları Həsənli Gündüz Rəhil oğlunun və Şahsuvarov Elnur Çingiz oğlunun ekstradisiyası haqqında qərarlar qəbul edilib.
Şirvan şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə G.R.Həsənli tərəfindən “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında satış təmsilçisi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin MMC-nin ambarından ticarət obyektlərinə paylanması üçün götürdüyü ərzaq məhsullarının satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.2.3. və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 06.10.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilib. Gündüz Həsənli 21.03.2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
E.Ç.Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Sumqayıt Şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. Elnur Şahsuvarov 21.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.
24.06.2022-ci il tarixdə G.R.Həsənli və E.Ç.Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.
627 dəfə oxundu