Bakıda 2 nəfərin öldüyü qəzada polkovnikin adı hallandı
Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə “KİA” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə “KİA”da olan 2 gənc dünyasını dəyişib.
Sabunçu Rayon Polis İdarəsində açılan cinayət işinin istintaqından narazı qalan zərərçəkmiş tərəfin vəkili Ramil Rüstəmov bir neçə gün əvvəl sosial şəbəkədə paylaşım edərək hadisədən sonra “Range Rover” markalı avtomobilin sürücüsünün dəyişdirildiyini, maşının nömrəsinin dərhal çıxarılaraq götürüldüyünü iddia edib. O, qəzanı törədən sürücünün yüksək vəzifəli şəxs olduğunu iddia etsə də, həmin şəxsin adını qeyd etməyib.
Ötən gecə isə Almaniyada yaşayan tanınmış bloqer Həbib Müntəzir hadisə ilə bağlı paylaşım edərək qəzanı törədən şəxsin Fövqəladə Hallar Nazirliyinin polkovniki olduğunu iddia edib: “Qəza olan zaman polislər "Range Rover"in dövlət nömrə nişanlarını söküblər və ərazidə nə qədər mağaza, obyekt var gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də “Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir. "Range Rover"in üzərində 10-DF-090 dövlət nişanı olub, bu da 1978-ci il təvəllüd, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir. Polkovnikin adına 90-ND-700 nömrəli “MINI COOPER”, 10-GV-700 nömrəli “LEXUS LX570”, 10-BS-700 nömrəli “BMW 740LI”, 10-DF-090 nömrəli “RANGE ROVER”, 10-HA-700 nömrəli “PORSCHE PANAMERA”, 90-HD-700 nömrəli “KIA OPTIMA” markalı avtomobillər var”.
Səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyi növbəti dəfə açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı açılmış cinayət işi üzrə istintaq davam edir: “Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də cinayət işi üzrə üzrə istintaq hərəkətləri aparılır. Bütün kamera görüntüləri müxtəlif ünvanlardan çıxarılaraq cinayət işinə əlavə edilib. Bu barədə zərərçəkmişlər və onların vəkili məlumatlandırılıb. Diqqəti hadisəni törətməyən şəxsin üzərinə yönəldilməsi şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur. Hadisə onlarla şəxsin gözü önündə baş verib. Həmin şəxslərin də şahid kimi ifadələri cinayət işinin materiallarında var”.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzadan sonra açılan cinayət işində və digər məlumatlarda "Range Rover" markalı avtomobilin 1960-cı il təvəllüdlü Beytulla Babayev tərəfindən idarə edildiyi qeyd edilir.
Qeyd edək ki, hadisə nəticəsində “KİA”da olan 2 nəfər gənc: Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, digər gənc 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb.
Hadisədən sonra gənclərin öldüyü avtomobildə olan 40 min dollar oğurlanıb. Daha sonra oğurluq etmiş Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.
660 dəfə oxundu