“Əlillik təyinatı üçün Ucar xəstəxanasına üz tutanlar az qalırlar intihar etsinlər”

“Əlillik təyinatı üçün Ucar xəstəxanasına üz tutanlar az qalırlar intihar etsinlər”
Bir qrup Ucar sakini Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən narazıdır.
Onlar bu barədə Yeniavaz.com-a müraciətlərində bildiriblər.
Sakinlərin sözlərinə görə, onlar xəstəxanadan dərman və tibbi vasitələri ala bilmirlər:
“Biz əlil, xəstə olsaq da, dərmanlarımızı və tibb ləvazimatlarımızı ala bilmirik. Verilən dərmanların çoxu dəyişdirilib ucuz dərmanlar verilir. Hansı ki, dövlətin ayırdığı dərmanlar bahalı və keyfiyyətlidir. Ucar Rayon Xəstəxanasında müayinə və müalicə yaxşı olmadığı üçün rayon sakinləri müalicə üçün qonşu rayonların xəstəxanalarına üz tuturlar. Kəndlərdə tibb məntəqələrinin çoxu bərbad gündədir, işləmir. Əlillik təyin edilməsi üçün ilk olaraq Ucar rayon xəstəxanasına üz tutan xəstələr elə bir süründürməçliklə üzləşirlər ki, az qalır intihar etsinlər”.
Sakinlər xəstəxananın direktoru barədə də bəzi iddialar səsləndiriblər:
“İcbari tibbi sığorta adı ilə terminala pul köçürəndə kartın Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının adına qeydiyyatda olması yazılır. Hamı Zeynal Bayramlının fəaliyyətindən çox narazıdır. Zeynal Bayramlı 15 ildir ki, bu vəzifədədir”.
Z.Bayramlı haqqında səsləndirilən iddialarla bağlı TƏBİB rəsmisi Zamirə Ədilova Yeniavaz.com-a açıqlama verib.
“Vətəndaşın şikayətində qeyd etdiyi kart Zeynal Bayramlının şəxsi kartı deyil, xəstəxananın cari bank hesabına bağlı korporativ kartdır. Ödəniş etmək üçün kartı olmayan vətəndaşlara kömək olmaq məqsədilə vətəndaş ilk öncə xəstəxanada yerləşən Azərbaycan Beynəlxalq Bankının ödəniş terminalında tibbi xidmətin dəyəri qədər vəsaiti həmin karta yükləyir, daha sonra isə xəstəxananın pos-terminalında aldığı tibbi xidmətin ödənişini edir. Bu əməliyyatlar zamanı vətəndaşa həm bankın ödəniş terminalının qəbzi, həm də pos-terminalın qəbzi təqdim olunur. Qeyd edim ki, vəsaitin hansı kartla ödənilməsinin heç bir fərqi yoxdur. Belə ki xəstəxanaya ödəniş edilməsini təsdiq edən sənəd pos-terminal qəbzidir. Həmin qəbz isə istənilən halda vətəndaşa təqdim edilir”, - açıqlamada bildirilib.
Qeyd edək ki, qurumdan sakinlərin digər iddialarına cavab verilmədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...