Talıbovların mineral su siyasəti: "Son damlasına qədər" MƏNİMSƏMƏ!
Naxçıvanda bir neçə adda mineral süfrə suyu, limonadlar, meyvə şirələri və kompotlar istehsal olunur. Amma 20 ildən artıqdır ki, azad ticarət rəqabəti olduğu bildirilən bölgədə cəmi iki adda mineral suyun uğurlu istehsalına və satışına rast gəlirik. Bu istehsalçıların fövqəladə uğurlarının arxasında nə durur? Nə üçün başqa istehsalçılar onlarla rəqabət apara bilmir? Bu dəfə həmin "uğurun" sirrinə işıq salmağa çalışacağıq!
Beləliklə, öncə adı dillər əzbəri olan "Badamlı"nın "uğur"larından bəhs edək.
"Badamlı"nın 2004-cü ildən başlayan "uğuru"
Sovet dövründə Azərbaycanın dünyada brendə çevrilən ən böyük istehsalçı şirkətlərindən biri "Badamlı" şirkəti idi. Təməli 1947-ci ildə qoyulan şirkət 1970-80-ci illər arasında istehsal etdiyi məhsulların 90 faizini ölkə xaricində satırdı. Sovet hakimiyyəti dağıldıqdan sonra Badamlı Mineral Sular Zavodunun da başını qara dumanlar aldı. Müstəqilliyin ilk illərindən kənd sakinləri və əvvəlki istehsalçılar sexləri işə salıb, köhnə şüşə butulkalarda badamlını yenidən istehsal edir, bölgə ərazisində satıb, qazancı ilə ailə-uşaqlarını dolandırmağa çalışırdılar. Ta ki, 1999-cu ilə qədər.
1999-cu ildə zavod "Naxçıvan Mineral Sular İstehsalat Birliyi"nin tərkibindən çıxarılır. 2004-cü ildə isə Vasif Talıbov tərəfindən zavod öz yaxın adamlarının adına özəlləşdirilir. Zavodun böyük gəlir mənbəyi olduğunu görən sədr zavoda böyük yatırımlar edərək, Naxçıvan şəhərində daha böyük ərazisi olan Badamlı Mineral Sular Zavodunun açılışını edir. Müəssisəyə Badamlı yatağından suyu nəql edən xəttin uzunluğu 25 kilometr idi. 2008-ci ilin avqust ayında tikintisinə başlanmış zavod 2,1 hektar ərazidə yerləşirdi. Binanın ümumi sahəsi 4 min 590 m², istehsal sahəsi isə 3 min 600 m² idi.
Rza Talıbovun sərəncamında olan zavodun yenidən qurulması üçün 2017-ci ildə Badamlı kəndi ərazisində 4 hektar ərazidə binalarının tikintisinə başlanılıb, 2020-ci ildə 10590 m² olan yeni müəssisənin açılışı olub.
"Badamlı" qazlı və qazsız olmaqla müxtəlif həcmli qablaşmalarda istehsal olunur. Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir. "Badamlı" hazırda Azərbaycan bazarı ilə yanaşı, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qazaxıstan kimi xarici dövlətlərə ixrac olunur.
Rza Talıbovun sərəncamında olan şirkətin müxtəlif yollarla reklamı aparılır. Müğənnilərin maliyyələşdirilməsi, Naxçıvanda təşkil edilən konsertlərdə sponsorluqdan müxtəlif kampaniyalara qədər. "Badamlı"nın sonuncu yadda qalan "uğuru" isə uduş kampaniyası idi. Uduşda iştirak etmək üçün qapaqdakı kodu göndərmək bəs edirdi. Amma uduşun elan olunduğu gün sadəcə kod nümayiş etdirilir, həmin koda bağlı hansısa şəxsi məlumatlar elan olunmayıb.
Uduş kampaniyasının qalibinin kim olduğunu isə yalnız Rza Talıbov və kampaniyanı təşkil edənlər bilib. Maraq üçün "Facebook"da axtarış etdim, "Badamlı" kampaniyalarından "uddum" deyən tapılmadı. Belə görünur ki, nümayiş etdirilən kodlar həqiqətən satışa buraxılmış sulardan çıxan kodlar olmayıb, yoxsa necə ola bilər ki heç kəs udmasın? Uzun sözün qısası, Talıbovların uduşlu lotereyası olan "Badamlı" mineral suyu uzun müddət Talıbovların qızmış nəfsləri qarşısında sərinləyə bilmədi. Ancaq Rəşid Behbudovun ifasında səsləndirdiyi kimi, bundan sonra "Badamlı" öz sərinliyi ilə od qoyulmuş ürəklərə bəlkə də su səpib, sərinlik bəxş edəcək....
Hər damlasında həyat olan "Sirab"
İndi isə gəlin "Sirab"ın "uğurlu tarixi"ni araşdıraq!
Ətraflı
Ad - 00:22
Azərbaycanda ən böyük mineral sudoldurma zavodu olan "Sirab" 1968-ci ildə stifadəyə verilib. Bu zavod Babək rayonunun Sirab kəndində yerləşir. Sovet hakimiyyəti dağıldıqdan sonra Sirab Mineral Sular Zavodunda da qara günlər başladı. Öncə zavod dağıdıldı. Sonra kənd sakinləri tərəfindən bir neçə sex olaraq fəaliyyətə başladısa, Vasif Talıbovun "uzaqgörən siyasəti" nəticəsində 1968-ci ildəki zavodun əsasında 2003-cü ildə Sirab Mineral Sular zavodu Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bundan sonra kənddəki bütün sexlərin fəaliyyəti qadağan edildi.
Əldə olunan gəlirdən Talıbovların payı verilməklə müəssisənin fəaliyyəti təmin edildi və sahibkarlığı Vasif Talıbovun əmri ilə "Ləzzət" firmasına tapşırıldı. Bəzi mənbələr zavodun satıldığını bildirsələr də, ortada alqı-satqı barədə heç bir məlumat yoxdur. Bu prosesin ardından "Sirab"ın qızıl dövrü də başladı. Zavodun istehsal gücü o qədər inkişaf etdi ki, qısa zamanda nəinki Naxçıvanda, hətta Azərbaycanda ən çox satışı olan suya çevrildi. Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Kuveyt, Ukrayna və Baltikyanı ölkələrə ixrac olunan "Sirab" qeyri-neft sektorunda ölkənin ən böyük ixrac şirkətlərindən birinə çevrildi. Amma "Son damlasına qədər" gəlir mənbəyi və biznesə çevrilən "Sirab" sularından sirablıların bir damcı içmək şansı olmadı. Nəinki içmək, hətta ən çox zərər görənlər də elə onlar oldu. Hədə-qorxu ilə əllərindən alınan torpaqlarında Sirab Mineral Sular Zavodu tikilən mineral suyun cəfasını sirablılar, səfasını isə Talıbovlar və onların yaxın adamları gordülər.
Bəxtinə gün doğmayan zavodlar
Naxçıvanda "Badamlı" və "Sirab" sularından başqa mineral sular da istehsal olunur. Bu zavodların rəhbərləri Talıbovlara yaxın olmadıqlarına görə, onların yalnız adları var. Fəaliyyətləri isə sex səviyyəsindən o tərəfə keçmir. Bunlardan "Çınqıllı", "Darıdağ", "Böyrək suyu" və s. adlarını çəkə bilərik.
Başıbəlalı "Gülüstan"
Sovet hakimiyyəti dağıldıqda sonra, müstəqilliyin ilk illərində Naxçıvanda ən çox tanınan və ilk dəfə istehsal olunan "Gülüstan" (limonad) suyu idi. Vaxtilə istehsalçıları tərəfindən Bakıya ixrac olunan və hər kəs tərəfindən sevilən bu su birdən-birə bütün ölkə bazarından, ardından isə Naxçıvan bazarından yoxa çıxdı.
O dövrdə el arasında gəzən söz-söhbətlərə görə, zavodun rəhbərliyi Talıbovlara yaxın qohum olmadığından məcbur edilir ki, zavodu satışa çıxarsın. Həmin şəxs bu qərarla rəzılaşmır. Son anda əgər qərarla razılaşmasa, həbs olunacağını anlayan zavod rəhbəri məcburi şəkildə onu Naxçıvan rəhbərliyinə satır. Ancaq əl dəyişdikdən sonra zavodda əvvəlki qaydada istehsal prosesi yerinə yetirilmir, satışları zəifləyən limonad zavodunun taleyinə qapısına qıfıl vurulmaq yazılır.
Xalqın cəfası, Talıbovların səfası
Talıbovlar 27 ildə Naxçıvanda qazanc gələn bütün deşiklərə öz papaqlarını tıxayıblar. Naxçıvanda elə bir sahə olmaz ki, ora rəhbərlik tərəfindən müdaxilə edilməsin. Qazanc gətirən bütün sahələr ya zorla sahibkarın əlindən alınıb, ya da sahibkarın iş sahəsinə şərik kimi daxil olublar. Nəticədə, Talıbovlar hakimiyyətdə olduqları 27 ildə təkcə dövlət tərəfindən ayrılan dostasiyanı yeməyiblər. Onlar sahibkarların qazandıqlarına da şərik olublar, ya da sahibkar tərəfindən min bir əzab-əziyyətlə qurulan işə sahib çıxıblar. Xalqın min bir əzab-əziyyət bahasına çəkdiyi cəfa Talıbovların səfasına xidmət göstərib. İndi isə İlahi ədalət bərpa olunub. Xalqa zülm edərək, onun əlindən alınanlar, yenidən öz sahiblərinə, xalqa və dövlətə qaytarılmalıdır.
473 dəfə oxundu