Miqrasiya Xidməti 17 günün MMC-si ilə 249 min manatlıq satınalma müqaviləsi bağladı

Miqrasiya Xidməti 17 günün MMC-si ilə 249 min manatlıq satınalma müqaviləsi bağladı
Hesablama Palatası Azərbaycanda bir çox dövlət qurumları tərəfindən satınalmaların təşkili zamanı yol verilən qanun pozuntuları, nöqsanlar barədə vaxtaşırı məlumatlar yayır. Palatanın hesabatlarında bildirilir ki, keçirilən satınalma prosedurunun nəticəsi olaraq bağlanılan müqavilənin icrası prosesində müqavilə predmetinin və qiymətlərin artırılması, satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərənlərin (podratçıların) maliyyə vəziyyətləri ilə bağlı zəruri sənədlərin alınmaması, şübhəli və etibar doğurmayan reputasiyaya malik malgöndərən təşkilatlara dəvətlərin göndərilməsi, satınalmalarda bu tip təşkilatların iştrak etməsi və onlarla müqavilələrinin bağlanılması. ümumiyyətlə, satınalma prosedurları keçirilmədən birbaşa müqavilələr əsasında büdcə vəsaitinin xərclənilməsi bəzi hallarda korrupsiya hüquqpozmalarına şərait yaradan amillərdən birinə çevrilir.

Aktualinfo.org-un apardığı araşdırmada bu kimi halların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin keçirdiyi satınalmalarda da baş verdiyi məlum oldu.

Belə ki, Dövlət Miqrasiya Xidməti tələbata uyğun digər maşın və avadanlıqların satınalınması üzrə 09.02.2023-cü ildə müsabiqə yolu ilə başladığı açıq tenderə yekun vurub və 18.04.2023-cü il tarixdə “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 249.975,92 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

İlk baxışdan adi bir dövlət satınalması proseduru olduğu görsənir. Amma araşdırdıqda məlum olur Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən açıq tender müsabiqəsinin başlanma tarixi 09.02.2023-cü ilə, zərflərin açılış tarixi isə 14.03.2022-cü il tarixə müəyyən edilib. “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 24.01.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından 17 gün əvvəl dövlət qeydiyyatına alınib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV, ev 52, m. 40, qanuni təmsilçisi kimi isə Cəfərov Yaşar Əliş oğlu qeyd olunub.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, Dövlət Miqrasiya Xidməti tender müsabiqəsinə dəvətdən 17 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, son dövrlər dövlət satınalmalarının keçirilməsi zamanı bu tip qanun pozuntularının yol verilməsinə tez-tez rast gəlinir. Adətən malgötürənlər, yəni sifarçilər bu qanunun kotirovka sorğusu prosedurlarında keçərli olmadığını iddia edirlər. Amma göründüyü kimi Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası kotirovka sorğusunda deyil, birbaşa açıq tenderdə müsabiqəyə başlamazdan 17 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə nə az, nə də çox, 250 min manat civarında satınalma müqaviləsi bağlamağa üstünlük verib.

İndi gəlin görək mövcud qanunlar Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyasından tələbata uyğun digər maşın və avadanlıqların satınalınması üzrə başladığı müsabiqədə iddiaçılardan nə kimi kimi sənədlər tələb edir:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

2. Iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış. (???)

Bəs iddiaçı açıq tender müsabiqəsinin başlanılmasından 17 gün əvvəl yaradılıbsa?

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı

İddiaçı açıq tender müsabiqəsində sənədlərin qəbuluna 17 gün qalmış yaradılıbsa vergi orqanı nə kimi maliyyə hesabatı verə bilər?

4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması.

Açıq tender müsabiqəsinin bağlanılmasına 17 gün qalmış yaradılmış bir MMC-yə müvafiq sahədə peşəkarlığının olması, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasına zəmanəti kim verib?

Burada xüsusilə vurğulamaq istərdik ki, Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası açıq tenderin şərtlər toplusunda tələbata uyğun nə kimi digər maşın və avadanlıqların satın alınmasını açıqlamayıb. Bundan əlavə satınalma şərtləri ilə heç bir uyğunluğu olmayan MMC-yə 249.975,92 manat dövlət vəsaiti həvale edib.

Qeyd edək ki, açıq mənbələrdə “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası və onun qanuni təmsilçisi olan Cəfərov Yaşar Əliş oğlunun barəsində heç bir məlumat yoxdur. Çox güman ki, MMC Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlilərindən birinə məxsusdur. Yoxsa 17 gün əvvəl yaradılmış bir MMC-yə 250 min manatı heç kim etibar etməzdi. Adı haldı. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Həbs olunmuş sabiq nazirlərin, icra başçılarının məhkəmələrində saxta MMC-lərə ayrılan dövlət vəsaitləri barədə məlumatlar da həmçinin. Bu da olsun onlardan biri.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...