“AQRAR SIĞORTA”-nın “İKİLİ STANDARTLARI” - Ağdamlı fermerlər nədən şikayətçidirlər?

“AQRAR SIĞORTA”-nın “İKİLİ STANDARTLARI” -
“Biz Ağdam rayonunun Əhmədağalı kəndində pambıqçılıq təsərrüfatı ilə məşğul oluruq. Əvvəlcədən “MKT İstehsalat Kommersiya” MMC Ağdam filialı və “Aqrar sığorta” şirkəti ilə müqaviləmiz olub. Bu şirkətlə müqavilə bağlayaraq, pambıq sahələrimizi sığortalamışıq. Ötən il “Aqrar sığorta” şirkəti ilə təminat altına alınan pambıq sahəmizi dolu vurduğu üçün ciddi zərərə məruz qaldıq. Ona görə də müqavilənin şərtlərinə uyğun olaraq, bizə dəyən maddi zərər “Aqrar sığorta” şirkəti tərəfindən ödənilməli idi. Lakin dəymiş ziyanla bağlı düzgün qiymətləndirmə aparmayan “Aqrar sığorta” şirkəti müqavilənin şərtlərinə əməl etmir”.

Bunları Ağdam rayon Əhmədağalı kənd sakinləri Məmmədov Rizvan Əfqan oğlu, Məmmədov Əfqan Mövsüm oğlu, Əliyev Niyazi Çərkəz oğlu və Salahova Zabilə Hidayət qızı “AzPolitika.info”-ya ünvanladıqları şikayətdə bildiriblər.

Fermerlər problemlə bağlı dəfələrlə “MKT İstehsalat Kommersiya” MMC-yə və “Aqrar sığorta” şirkətinə müraciət etsələr də, bütün bunların heç bir nəticəsi olmayıb. Hələ dekabr ayında ödənilməli olan ziyan bu günə qədər ödənməyib. Bu da azmış kimi, ziyanın həcmi dəfələrlə kiçildilib, ziyan dəymiş sahələrə isə guya şirkətin ekspertləri baxış keçiriblər.

Ancaq nə işdirsə, sahibkarların bundan xəbəri olmayıb: “Əvvəlcə haqlarımızın ödəniləcəyi bildirilsə də, bu, baş vermədi. Biz sahələrimizin batmaması üçün əlavə xərc çəkərək, məhsul istehsalını davam etdirmişik. Bundan sonra bizə bildiriblər ki, “zərər ödənişi almaq istəyirdinizsə, məhsul becərməzdiniz”. Maraqlıdır ki, zavoda borcu olanlar və məhsul becərməyənlərə zərər ödənişi olunub, bizə isə yox”.

Burada söhbət ondan gedir ki, məhsulu qəbul edən “MKT İstehsalat Kommersiya” MMC-yə borclu qalan sahibkarlara sığorta haqları asanlıqla və tezliklə hesablanaraq ödənilir ki, həmin vəsaitin hesabına onların zavoda olan borcu bağlansın. Zavoda borcu olmayan və öz işlərini dürüst həyata keçirən, heç kimlə “anlaşmaya” getməyən fermerlər isə göründüyü kimi, kənarda qalır, incidilir, süründürməçiliyə məruz qoyulur və dəymiş ziyanları ödənilmir. Baxmayaraq ki, onlardan pambığın batmaması üçün əlavə xərc çəkmələri xahiş olunub. Fermerlər də bu xərcləri çəkiblər. İndi isə bu adamlara deyilir ki, gərək xərc çəkməyəydiniz, biz həmin məbləğləri ödəməyəcəyik.

Həmçinin, aqrar ekspertlər fermerlər Əfqan Məmmədov və Rizvan Məmmədovdan xəbərsiz onların təsərrüfat sahəsinə guya baxış keçiriblər: “Aqrar ekspertlər sahəyə baxış keçirərək, bizdən xəbərsiz qiymətləndirmə aparıblar. Niyə? Nədən bizim göstəricilərimizə məhəl qoyulmayıb? Belə olan halda hansı düzgünlükdən söhbət gedə bilər? Onların qiymətləndirməsi qətiyyən bizə dəyən real ziyana uyğun deyil”.

Şikayətçilər problemin düzgün araşdırılmasını və onlara dəymiş ziyanın ödənilmisəni tələb edirlər.

Bu problem barədə MKT sədri Amil Rəşidov “AzPolitika.info”-ya bildirib ki, sözügedən ərazi üzrə bütün pambıq təsərrüfatları “Aqrar sığorta” şirkəti tərəfindən sığortalanıb: “Sığorta şirkəti ziyan dəymiş ərazidə monitorinq apararaq, qiymətləndirmə hazırlayır. Həmin qiymətləndirmə məbləği və ekspertlərin monitorinqi “Aqror sığorta” şirkəti tərəfindən müəyyən edilir. Burada bəzi fermerlər müəyyən olunan sığorta məbləği ilə razılaşmırlar. Yəni, problem “Aqrar sığorta” şirkəti ilə fermerlər arasındadır”.

“Aqrar sığorta” şirkətinin hadisələrin tənzimlənməsi şöbəsinin əməkdaşı Samid Ağayev isə bildirdi ki, adıçəkilən şəxslərin sığorta ödənişləri ayrılıb və istədikləri vaxt razılıq ərizəsi təqdim etməklə bu məbləğləri ala bilərlər: “Müstəqil ekspert əraziyə baxış keçirib və fermerə dəymiş ziyanı müəyyən edib. Dəymiş ziyan əsasında da ödənişlər icra olunur. Fermerlər razılıq ərizələrini verdikləri vaxt bu ödənişlər olunacaq”.

“Ekspertlər qiymətləndirmənin düzgün aparılmasıyla bağlı məsuliyyət daşıyırlar. Əgər fermerlərin qiymətləndirmə ilə bağlı narazılıqları varsa, məhkəməyə müraciət edə bilərlər”, - deyə şirkət rəsmisi bidirib.

Yəni, belə çıxır ki, fermer hansısa məmurun, ekspertin öz işini vicdanla yerinə yetirməməsi, hansısa maraqlar xatirinə fermerlər arasında ayrıseçkiliyə yol verməsi ucbatından öz halal haqqını ala bilmədiyi üçün işini-gücünü atıb bir də məhkəmələrdə sürünməli, vaxt itirməlidir.

“Aqrar sığorta”-dan verilən açıqlamadan həm də belə nəticəyə gəlmək olar ki, süründürməçiliyə və bürokratik əngəllərə əsaslanan şirkət, bu cür maneələrlə fermerlərə dəymiş ziyanın məbləğini mümkün qədər kiçiltməyə çalışır. Bu isə qətiyyən ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin dövlət orqanlarına güvənməsinə, etibarına müsbət təsir göstərmir...

Azpolitika.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...