Sabiq icra başçısının ailəsindən tələb: 5 milyonluq mənzil və 3 avtomobil...
İmişlinin həbsdə olan sabiq icra başçısı məhkum Vilyam Hacıyev və ailə üzvlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayətə Ali Məhkəmədə mayın 24-də baxılacaq.
Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məlumata görə, Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyirlər. Məhkum icra başçısının ailə üzvləri həmin əmlakların cinayət yolu ilə əldə olunmadığını iddia edirlər.
Ali Məhkəməyə daxil olan şikayətdə Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyir.
Ətraflı
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.
Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, sabiq icra başçısının ailə üzvlərinin adına rəsmiləşdirilmiş 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
383 dəfə oxundu