Vasif Talıbovla bağlı daha bir korrupsiya faktı - Keçmiş sədr üçün həbs təhlükəsi artır

Ordubad Su Elektrik Stansiyasının (SES) tikintisində uyğunsuzluqların müəyyən olunması Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov üçün həbs təhlükəsini daha da artırıb.

GUNDEMİNFO.AZ “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən obyekt üzrə 2011-2022-ci illərdə rəsmiləşdirilmiş "Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış keçirilib və işlərin mövcudluğu araşdırılıb. Məlum olub ki, görülən işlərdə ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar var. Bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı”nda bildirilib.

Bundan əvvəl isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bəyan etmişdi ki, Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantları var.

Həmçinin Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində fermerlərə verilən subsidiyaların kəmiyyət göstəricilərinin artırılması hesabına artıq xərclərə yol verildiyi aydın olub.

İddialara görə, Muxtar Respublikada Vasif Talıbovun fəaliyyəti ilə bağlı yoxlamalar hələ də davam edir. Yoxlamalar zamanı başqa korrupsiya faktlarının da ortaya çıxacağını düşünmək olar.

Güman edilir ki, yoxlamalardan sonra Vasif Talıbovun məsuliyyətə cəlb olunması reallaşa bilər.

Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan MR Ali Məclisinin sədri olub. O, ötən ilin dekabrında vəzifəsindən istefa verib. Onun istefası səhhətindəki problemlərlə əlaqələndirilir. Lakin Vasif Talıbovun mərkəzi hakimiyyətə table olmamaq cəhdlərinə görə işdən çıxarıldığı barədə iddialar səsləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...