"Tarqovı"da özbaşnalıq - buna kim icazə verir, Eldar Əzizov, yoxsa Anar Quliyev?

"Tarqovı"da özbaşnalıq -
Paytaxtın düz mərkəzində, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) böyük bir obyekt – restoranın inşa olunur, daha bir ərazi zəbt edilir, ancaq aidiyyatı qurumlar bundan ancaq məsələ ictimailəşəndən sonra xəbər tutur. Tikinti də məhz media və sosial şəbəkələrdə aparılan müzakirələrdən sonra dayandırılır.

Tribunainfo.az xəbər verir ki, sözügedən obyektin inşası böyük narazılığa səbəb olub. Sosial şəbəkələrdə də müzakirəyə çıxarılan tikilinin şəhərin görüntüsünə xələl gətirdiyi üçün dərhal sökülməsi tələb edilir. Müzakirələrə qoşulan Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynov bildirib ki, bu tikiliylə bağlı aidiyyəti qurumlar açıqlama verməlidir:

“Fəvvarələr Meydanında bu yekəlikdə restoran necə qanunsuz tikilib? Bu tikili kimindir? Kim icazə verib?

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov niyə çıxıb aydınlıq gətirmir?”

Yeniçağ.az saytının baş redaktoru Aqil Ələsgər isə bildirib ki, bu tikiliyə icazə verən qurum ağır şəkildə cəzalandırılmalıdır:

“Necə olur ki, Poxludərədə (ad tapmayıblar elə bil) hansısa kasıb nəinki daşı daş üstünə qoymağa, hətta taxtaya mıx vurmağa macal tapmadan başının üstünü sahə müvəkkilindən JEK-nə qədər kəsdirir. Şəhərin qrinviç nöqtəsində, hamının gözü önündə olan bu boyda həngamədən ancaq sosial mediada yazılandan sonra xəbər tutulur? Burada ən asan danlanacaq qurum rayon icra hakimiyyətidir. Halbuki şəhərin mərkəzindəki bu qanunsuz tikili üçün rüşvət alan bütün qurumlar, başda Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi də ağır şəkildə cəzalandırılmalıdırlar.

Şəhərin mərkəz küçələrindən “teras”ların hər il bir az da irəli çıxmasından dolayı keçmək olmur. Hacıbala müəllim, sənin qədrini bilməmişik, haqqını halal et”.

Məsələ ilə bağlı qlobalinfo.az Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. İH sualdan yayınaraq, restoranın dünən söküldüyünü vurğulayıb. Lakin tikintiyə kimin icazə verməsi ilə bağlı sualı cavabsız qoyub.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə qurumdan tikintinin aparılmasına icazə verilmədiyini bildirib:

“Daha vacib olan odur ki, məsələ həll olunub, tikinti sökülür və vətəndaşların narazılığı tərəfimizdən aradan qaldırıldı. Bizə orada qanunsuz tikinti aparılmasına dair məlumat daxil olduqdan sonra problemi həll etdik. Amma ondan öncəki proses bizə deyil, icra hakimiyyətinə aiddir”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, səhər saatlarında sosial şəbəkələrdə paytaxtın Səbail rayonunun Fəvvarələr meydanında ictimai-iaşə obyektinin inşası ilə bağlı məlumat yayıldıqdan dərhal sonra həmin tikinti BŞİH tərəfindən dayandırılıb, ərazi nəzarətə götürülüb və onun söküntüsü təmin edilib.

"Tarqovı"da özbaşnalıq -
"Tarqovı"da özbaşnalıq -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...