“AAAF Park”da kommunikasiya xətləri üzərində tikinti işləri aparılır - İDDİA
Abşeron rayonunun Xırdalan şəhərində “AAAF Park”ın 19 saylı binasında yaşayan sakinlər həyətlərində aparılan qanunsuz tikilidən şikayətlənirlər.
“Report”a müraciət edən sakinlər iddia edirlər ki, sahəsi 500 kvadratmetrə yaxın olan, təyinatı bilinməyən obyekt kommunikasiya xətlərinin üzərində tikilir.
Sözügedən ünvanda çəkilən şəkillərdən də aydın olur ki, obyektin təməli elektrik xəttinin üzərindədir. Qaz xətti ilə obyekt arasındakı məsafə isə heç 50 santimetr də deyil.
Sakin Bəhruz Əhmədov qeyd edib ki, 19 saylı binanın həyətində tikilən obyektin ərazisində qaz, işıq, kanalizasiya xətləri var:
“Biz dəfələrlə şikayət etmişik. Şikayətimizə baxan olmayıb. Tikintinin sahibi Camal Talışlı adlı şəxsdir. Ona da bir neçə dəfə müraciət etmişik, deyib ki, kimə istəyirsiniz, şikayət edin. Sakinlər orada maşınlarını saxlayırdılar. İndi obyekt tikilir. Bəs sonrası necə olacaq?”
Digər bir sakin Fazil Məmmədov isə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, polisə dəfələrlə zəng etdiklərini bildirib. Qeyd edib ki, kanalizasiya xətti həmin obyektin altından keçir.
“Sabah kanalizasiya tutulsa, necə olacaq?” - deyə sakin sual edir.
Umud Əhmədov da şikayətlərinə baxılmadığını bildirib. O qeyd edib ki, sabah nəsə olsa, heç kim cavab verməyəcək.
“AAAF İNŞAAT” MMC-nin hüquqşünası Emin Səlimov açıqlamasında bildirib ki, həmin ərazidə tikinti işlərini “AAAF İNŞAAT” aparmır:
“Sadəcə olaraq, “AAAF İNŞAAT” iki müharibə veteranına həmin ərazidə yer ayırıb. Onlar sərbəst formada öz işlərini həyata keçirirlər. Orada tikinti aparılır deyə bir xüsusat yoxdur. Oradan elektrik və ya qaz xətti keçmir”.
405 dəfə oxundu