Texnopark “qara siyahı”da olan şirkətin xidmətindən istifadə edib? - Qalmaqallı məhkəmə davam edir

Texnopark “qara siyahı”da olan şirkətin xidmətindən istifadə edib? -
Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyalar Parkı (YTP - Texnopark) ilə "Tronıq” MMC arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, apellyasiya mərhələsindən Texnopark qalib ayrılıb.

Bakı Apellyasiya Məhkəməsi YTP ilə "Tronıq” MMC arasında imzalanmış icarə müqavilələrinin ləğv edilməsi və şirkət tərəfindən öhtəliklərinin yerinə yetirilməməməsinə görə tikili sahənin boşaldılması, icarə haqqı olaraq 5 900 AZN və 295 AZN dəbbə pulunun, dövlət əmlakı olan avadanlıqların icarəsi üçün 12 000 AZN və 125 AZN faiz borcunun, kommunal xərclərə görə 280,21 AZN və mediasiya xərclərinə görə 140,59 AZN, ümumilikdə 18 740,8 AZN vəsaitin şirkətdən tutularaq Texnoparka ödənilməsi barədə qərardad çıxarıb.

Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün "Tronıq” MMC-nin rəhbrəi Anar Nəbiyevlə əlaqə saxlayıb. Şirkət rəhbəri xəbəri təsdiqləyib. Həmçinin bəzi təfərrüatları saytımıza açıqlayıb.

Anar Nəbiyevin sözlərinə görə, Texnopark məhkəmə çəkişməsində qalib gəlmək üçün "Uniprice” şirkətinin xidmətlərindən yararlanıb:

"Bu şirkət Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin "qara siyahı”sındadır. Qanunsuz əməllərlə məşğul olan bir şirkətdir. Texnopark bu şirkətin saxta rəyini məhkəməyə təqdim edib. Təəssüf ki, məhkəmə də bu rəyə istinad edərək qərar qəbul edib.

Xatırlatmaq istəyirəm ki, Texnoparkla "Tronıq” MMC arasında imzalanan 10 avqust 2022-ci il tarixli, № 04/22-YTP-027-X "Xidmət müqaviləsi” əsasında dövlət əmlakı hesab edilən, ümumi dəyəri təxminən 400 000 AZN təşkil edən və istismara yararsız vəziyyətdə olan avandanlıqların təmir edilməsi, daha sonra isə istifadəsi üçün mənə təhvil verilib. Müqavilənin 1 saylı əlavəsində xidmətin ümumi dəyərinin 30 250 manat olması əksini tapıb. Sözügedən avadanlıqlar 2 ay müddətində təmir edilərək istismara yararlı vəziyyətə çatdırılıb. 45 gün ərzində isə dəzgahların istismarı üçün mütəxəssislər yetişdirilib. Dəzgahların işləməsini görən Texnoparkın direktoru Vasif Abbasov 1 dekabr 2022-ci ildə bildiriş təqdim edərək icarə müqavilələrimizə xitam vermək qərarına gəlib.

Beləliklə, Texnoparkın "Tronıq” MMC-yə borcu olduğu və müqavilə üzrə öhtəliyini yerinə yetirmədiyi halda qarşı tərəfdən "öhdəliyini yerinə yetirmədiyinə görə” 18 740,8 AZN vəsaitin ona ödənilməsi tələbi və hakimin bu tələbi təmin etməsi ən azından ədalətsizlikdir”.

Xatırladaq ki, Texnopark bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olub. "Tronıq” MMC bir müddət YTP-nin rezident şirkəti kimi fəaliyyət göstərib.

Anar Nəbiyev əlavə edib ki, hüquqi müstəvidə mübarizəsini davam etdirəcək. "Bakı Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə kassasiya şikayəti verməyi düşünürük. Hüquqi müsatəvidə mübarizəmi sona qədər davam etdirəcəyəm”, deyə şirkət rəhbəri vurğulayıb.

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkının rəhbəri Vasif Abbasovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...