Heydər Əliyevin vətəndaşa hədiyyə etdiyi torpaq sahəsi Dövlət Əmlak Komitəsi tərəfindən ələ keçirilib - İDDİA

Heydər Əliyevin vətəndaşa hədiyyə etdiyi torpaq sahəsi Dövlət Əmlak Komitəsi tərəfindən ələ keçirilib -
Müstəqilliyimizin ilk illərində yeni yaranmaqda olan Ordumuzun təzhizatında önəmli rol oynadığını iddia edən Vəliyev Alış Vəli oğluna bu xidmətlərindən ötrü mərhum Heydər Əliyev tərəfindən 600 kv.metr torpaq sahəsi bağışlanır. Amma özünü “vətənsiz şəxs” sayan Alış kişi bu torpaq sahəsinə sahiblənə bilmir. Səbəb? Çox sadədir: Heydər Əliyevin bağışladığı bu əraziyə Dövlət Əmlak Komitəsi göz dikir və onu bir başqasına satır.

Vəliyev Alışın bundan sonra öz haqqı uğrunda mübarizəsi başlayır. Mülki iddia ilə məhkəməyə müraciət edən şikayətçinin iddiaları hətta Ali Məhkəmə tərəfindən də haqlı hesab olunur. Di gəl ki, Ali Məhkəmənin çıxardığı qərar yenə Dövlət Əmlak Komitəsi tərəfindən ləğv olunur(?). Alış kişinin dediklərinə görə, Dövlət Əmlak Komitəsinin bu qərarından sonra onda bu fikirlər formalaşır: “Əmlak Komitəsi bu Dövlətə tabe deyil və nə Prezdent Aparatının, nə Baş nazirin, nə Ədliyyə Nazirliyinin, nə də Ali Məhkəmənin bu orqana gücü çatır”.

Özünün təbirilə desək, “vətənsiz vətəndaş”ın Ovqat.com-a göndərdiyi şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Hüququ olmayan vətəndaşın vətəni də olmur!

Hörmətli Heydər bəy!

Sizə ünvanladığım bu şikayətimi öz saytınızda dərc etsəniz belə, buna heç kimin heç bir əhəmiyyət verməyəcəyinə əminəm. Çünki şikayət etdiyim Əmlak Komitəsinin bu dövlətə tabe olmadığını, məhkəmə hakimiyyətini inkar etdiyini və bütün bunlara görə bu orqana heç kimin gücü çatmadığını bilirəm.
Lakin bilirəm ki bu orqan mənim kimi minlərlə insanın mülklərini əlindən almağı bir yana, onları ələ salıb gülməyi özü üçün bir əyləncəyə çevirib. Ona görə də Ali Məhkəmə qərarını ləğv edib. Özü qərar verə biləcək qədər güclü olan bu orqan bilsin ki, bizləri susmağa, Avropa Məhkəmələrinə üz tutmağa qoymayan tək bir amil var: Azərbaycan dövlətçiliyi və onun beynəlxalq imici!

Xülasə....

1994-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin Xalqa müraciəti oldu. O müraciətində hər kəsi ölkənin güclənməsi üçün bacardığı fəaliyyəti göstərməyə çagırdı. 1994-cü ildən 1999-cu ilə qədər həyatımı təhlükəyə ataraq Silahlı Qüvvələrin mökəmlənməsi üçün fəaliyyət göstərdim.

Fəaliyyətim Dövlət rəhbərliyi tərəfindən mükafatlandırıldı. Nizami rayon İcra Hakimiyyətinin sərəncamı ilə mənə Nizami rayonunda ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrıldı.

Həmin torpaq sahəsinə aid mülkiyyət hüququmu təsdiq edən Şəhadətnamə imzamın saxtalaşdırılması yolu ilə başqa ərazidə tikilmiş villaya Çıxarış vermək məqsədi ilə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən satıldı (ev sahibinin məhkəməyə verdiyi izahla 3 otaqlı mənzilin qiymətinə).

Məhkəmə bu halları araşdıraraq subuta yetirdi və mənə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququmu bərpa etdi.

Ali Məhkəmə Qərarı ilə qanuni qüvvəyə minmiş Nizami rayon Məhkəməsinin Qətnaməsi üzərində 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayev manipulyasiyalar etməyə başladı.

Mənə guya, Çıxarış təqdim edilib, lakin həmin Çıxarışın hansı torpaq sahəsinə aid oldugunu müəyyən edən sənəd-torpaq sahəsinin plan ölçüsü mənə verilməyib.

İcra məmurunun həmin sənədi təqdim etmək tələbindən imtina edildi.

1 saylı Bakı Ərazi İdarəsi Məhkəmənin Qətnaməsinin məzmununu, guya, tam anlamadığına görə Qətnaməyə mənim müraciətimlə izah verildi, Məhkəmə Qərardadı 1 saylı Bakı Ərazi İdarəsinə göndərildi.

Bir müddət sonra mənim torpağımın hasarını qonşum söküb dagıtdı.

Polisə verdiyi izahda bildirdi ki, o torpaq sahəsini1 saylı Bakı Ərazi İdarəsinin məmuru Məmmədov Asif Mais oglu ona söz vermiş və hərrac yolu ilə onun adına rəsmiləşdiriləcək. Həmin hasarı sökməyi də ona Asif göstəriş vermiş və bildirmişdir ki, həmin torpaq sahəsi onundur.

Bundan sonra məlum oldu ki, mənə verilmiş Çıxarış mülkiyyət hüququmun istifadə edildiyi, saxta yolla Çıxarış verdikləri elə həmin fərdi evin altındakı torpaq sahəsinə aiddir. Yəni Ali Məhkəmə qərarının icrası da həmin idarə tərəfindən saxtalaşdırıldı.

Bundan sonra 1 saylı Bakı Ərazi İdarəsi , onu himayə edən Əmlak Komitəsi açıq şəkildə Məhkəmə Qərarını ləğv etdiyini etiraf edərək, mənə verilmiş Çıxarışın Məhkəmə Qərarında hüququm bərpa edilmiş torpaq sahəsinə deyil, imzam saxtalaşdırılaraq Şəhadətnaməmi satdıqları fərdi evin altındakı torpağa aid oldugunu rəsmi məktubla təsdiqlədi.
Hal-hazırda 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin indi də torpağımı öz adına rəsmiləşdirəcəyini sövdələşdiyi şəxs haqqında Nizami rayon Polis İdarəsində cinayət işi üzrə iş aparılır.
Məhkəmə Qərarını icra etmədiyinə görə Nizami rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin Qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz İlman oglu Babayev İnzibati Xətalar Məcəlləsinin 528.1 –dövlət idarəçiliyinin əlehinə fəaliyyətə görə maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olundu.
Lakin Əmlak Komitəsinin sədr müavinləri Prezidentə etdiyim şikayətlərimə verdikləri cavab məktublarında Məhkəmə Qərarının icra edildiyini bildirirlər (Dövlət idarəçiliyi əlehinə fəaliyyət göstərməsi Məhkəmə Qərarı ilə subuta yetirilmiş Ramiz Babayevin həmin vəzifədə nəyə görə saxlandığını yəqin ki onu həmin vəzifədə saxlayanlar bilir).

Bununla da Ədliyyə Nazirliyi öz işini bitmiş hesab etdi.

Mənə məxsus torpaq sahəsinin qapısında Ali Məhkəmə Qərarı çıxana qədər mənim qıfılım asılmışdı. Ali Məhkəmə Qərarı Əmlak Komitəsi tərəfindən ləğv edildikdən sonra, həmin qapıda mənim torpağımı öz qərarları ilə sövdələşdikləri qonşunun kıfılı asılıb.

Bir misal var: “hər qoyundan bir dəri”. Lakin mənim dərim iki dəfə soyulub. Bir dəfə hüququm, ikinci dəfə isə mülküm əlimdən alınıb, satılıb.

Azərbaycan dövlətinin vəzifələri ilə dövlətin özünə və xalqa qarşı (özümə vətəndaş deməyə dilim gəlmir) silahlanmış məmurlar bu dövləti çökdürməyin yolunu gözəl bilirlər: xalqın dövlətinə olan inamını qırmaq, Qanunun Aliliyinin və hüquq anlayışının olmadığını xalqa subut etmək.

Mən dövlətim üçün etdiklərimə peşman deyiləm. Amma heç vaxt ağlıma gətirə bilməzdim ki, Dövlətin qurucusu tərəfindən mənə verilmiş mülkü həmin dövlətin məmurları əlimdən bir dəfə deyil, iki dəfə alıb sata bilərlər və Dövlətin onlara gücü çatmaz.

Bu neçə ildə Əmlak Komitəsində gördüyüm odur ki, bu orqan bu Dövlətə tabe deyil və nə Prezdent Aparatının, nə Baş nazirin nə Ədliyyə Nazirliyinin, nə Ali Məhkəmənin bu orqana gücü çatmır.

İcra olunmayan Məhkəmə qərarının dəyəri həmin qərarın yazıldığı kağız parçası qədərdir. Mən bir şeyə əmin oldum ki, hüququ olmayan vətəndaşın vətəni də olmur. Xəyalında qurdugun vətən üçün bir ömür xərclədikdən sonra özünü vətənsiz hiss etmək sözlə ifadə olunan hal deyildir.

Allah bu xalqın yar və yardımçısı olsun !

Şikayət etdiyim orqanlar:

Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Kərəm Həsənov (qəbulunda olmuşam);
Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Şahmar Mövsümov (qəbul olunmuşam);
Azərbaycan Respublikası Prezidenti köməkçisi cənab Fuad Ələskərov (qəbulunda olmuşam);
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab İnam Kərimov;
Azərbaycan respublikası Ombudsmanı;
Azərbaycan Respublikası Baş naziri cənab Əli Əsədov;
Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi cənab İlqar Cəfərov (qəbulunda olmuşam);
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEV cənabları;
AZƏRBAYCAN RESPUBLİKASI BİRİNCİ VİTSE PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA.

Bütün şikayətlərim elə şikayət etdiyim Əmlak Komitəsinə yönləndirilib və həmin orqan məktubdan da göründüyü kimi məni sadəcə ələ salmaqla məşgul olub!

İmza: Hüququ olmayan vətəndaş - Vətənsiz Vəliyev Alış Vəli oğlu/Ovqat.com/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...