Şirvan Təcrübə Stansiyası talananda İbrahim Cəfərov hara baxırmış…

Şirvan Təcrübə Stansiyası talananda İbrahim Cəfərov hara baxırmış…
Aktualinfo.org iki ay əvvəl Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması, formal tenderlərin keçirilməsi barədə məlumat yaymışdı. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov isə özünəməxsus tərzdə mətbuata açıqlama vermişdi ki, “bunların mənim rəhbərlik etdiyim institutun işindən xəbəri yoxdur. Adama sual edərlər ki, sən hardan bilirsən ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda aqrar sahənin inkişafına aid elmi-tədqiqat işi ilə məşğul olunmayıb.Demək ki, sən sayt olaraq, bizim hesabatlardan da xəbərsizsən.”

Aktualinfo.org olaraq İbrahim Cəfərovun diqqətinə çatdırmaq istərdik ki, hesabatlar gərək açıqlansın ki, xəbərimiz olsun. Sorğu məktublarına gərək cavab verilsin ki, xəbərimiz olsun və bizdə dəqiqləşdirilməmi məlumatları yaymayaq. Digər tərəfdən, bizim açıqladığımız məlumatlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi portalından götürülmüş məlumatlardar ki, biz onları rəsmi hesab edirik.

Xatırladaq ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunun Qarabörk kəndində yerləşən Şirvan Təcrübə Stansiyasında satınalmaların təşkili zamanı yol verilən qanun pozuntularına da toxunmuşduq. Stansiyanın cari il ərzində tikili və avadanlıqların cari təmiri, 2 ədəd elmi tədqiqat xidmətlərinin satın alınması, 2 ədəd sair torpaq, tikili və avadanlıqların satın alınması, istehlakyönlü müxtəlif xidmətlərin satın alınması, bioloji aktivlərin satın alınması kimi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yerləşirilməyib. Bu da təbii ki, keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

İbrahim Cəfərov özü də etiraf edir ki, “müəyyən çatışmazlıqlar mövcuddur, bunların aradan qaldırılması üçün vaxtaşırı işlər həyata keçirilir”.

Catışmazlıqların nədən ibarət olduğunu İbrahim Cəfərov açıqlamır. Çünki, bizim yazdıqlarımızın doğru olduğunu özü də bilir. Hesablama Palatasının Şirvan Təcrübə Stansiyasında keçirdiyi auditdən sonra külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi aşkarlanıb və bizim yazdıqlarımızın doğru olduğu təsdiqini tapıb.

Ucardan redaksiyamıza verilən ən son məlumata görə Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanov işdə yol verdiyi ciddi nöqsanlara görə üç gün əvvəl tutduğu vəzifədən azad edilib. Təhvil-təslim zamanı isə Stansiyadan 136 ton taxılın yox olması ortaya çıxıb. Məlumata görə Qəhrəman Qəhrəmanov 100 ton arpanı, 36 ton buğdanı sataraq pulunu mənimsəyib. Ötən il də 55 ton buğdanı sataraq dövlətdən gizlətdiyi məlum olub. Bunlardan İbrahim Cəfərovun bir direktor kimi xəbərsiz olması isə heç inandırıcı görsənmir. Xəbərsiz olubsa, onda hara baxırmış, İbrahim Cəfərov?

Bizə verilən məlumatlara görə artıq prokurorluq orqanları Şirvan Təcrübə Stansiyasında yoxlamalara başlayıb. Burada daha çox dövlət vəsaitinin mənimsənilməsi faktlarının aşkar olunacağı istisna deyil. Mövzuya bir daha qayıdacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...