13 günə 10 tender udan “BİLGƏ QRUP” daha nə kimi işlər görür?

13 günə 10 tender udan “BİLGƏ QRUP” daha nə kimi işlər görür?
Son vaxtlar Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəli adlara malik şirkətlər barədə çox yazılıb. Belə şirkətlərin böyük əksəriyyətinin arxasında gözügörünməz qüvvələrin olduğu bu gün heç kimə sirr deyil. Adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lər hər bir və ya ber neçə satınalmaların qalibi olurlar. Bu Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdiyi satınalmalarda daha çox özünü biruzə verir. Elə götürək sözügedən Departamentin son bir neçə gündə başa vurduğu satınalma prosedurlarını.

Dövlət satınalmalarının vahid internet portalını son 10 gündə zəbt etmiş belə şirkətlərin biri də “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyətidir. Bu şirkət 14-27 dekabr tarixlərində Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdiyi 10 açıq tenderin qalibi olub. Amma axtarışlarımıza baxmayaraq QSC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə ümumiyyətlə məlumat yoxdu.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 01.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2000.00 manat olan QSC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, YENİ YASAMAL 2, ev 6, m. 190, qanuni təmsilçisinin isə İsmayılov Elvin Sahib oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 05-25-2021-ci il tarixədək QSC-nin qanuni təmsilçisi Nigar Şahhüseynbəyova Faiq qızı olub.

“BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyəti barədə rəsmi məlumatlar bu qədərdi. Bir də dövlət satınalmalarının vahid internet portalında QSC-nin qalibi olduğu tenderlər barədə məlumatlar var. QSN-nin son 13 gün ərzində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrindən udduğu tenderlərə və onların məbləğlərinə diqqət yetirək.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsərrüfat işlərində çalışan heyət üçün istifadəsi nəzərdə tutulan malların satın alınması üzrə 169.341,8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.12.2023-cü il tarixdə açıqlanıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif təyinatlı işlər üçün malların satın alınması üzrə 477.776,1 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.12.2023-cü il tarixdə açıqlanıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən oyun və İdman qurğularının satın alınması üzrə 128.938,6 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.12.2023-cü il tarixdə açıqlanıb.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidməti istifadə üçün nəzərdə tutulan müxtəlif təyinatlı malların satın alınması üzrə 210.959,81 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən idman və uşaq əyləncəsi üçün bir sıra malların satın alınması üzrə 99.379,6 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nəqliyyat vasitələrinə məxsus bir sıra hissələrin satın alınması üzrə 49.229,6 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən söhbətgah, oturacaq və dekorativ ağacların satın alınması üzrə 99.592 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidməti istifadə üçün üçün nəzərdə tutulan təsərrüfat təyinatlı malların satın alınması üzrə 197.591 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən parklarda istifadə olunacaq oyun qurğularının satın alınması üzrə 248.567 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.12.2023-cü il tarixdə açıqlanıb.

Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müəssisənin balansında olan əsas vəsaitlərə texniki qulluq məqsədli bir sıra malların satın alınması üzrə 251.609,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.12.2023-cü il tarixdə açıqlanıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi “BİLGƏ QRUP” QSC son 13 gün ərzində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdiyi satınalmalardan ümumi olaraq 1 933 051 manat məbləğində dövlət sifarişi alıb. Oktyabr ayında Milli Arxiv İdarəsinən 513.245,04 manat, sentyabr ayında isə Milli Kitabxanadan 736.704,21 manat məbləğində udduğu tenderləri də üstünə gəlsək bu son 3 ay ərzində 3 183 000 manat məbləğində dövlət sifarişi alması deməkdir.

Maraqlıdır, QSC bu dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı? QSC-nin “Facebook”sosial şəbəkəsindəki bəzi məlumatları diqqətinizə çatdırırıq. Sosial şəbəkəyə 30 oktyabrda qoyulmuş məlumata görə Azərbaycan Respublikası Gömrük Komitəsinin sifarişi ilə modul tipli Astara gömrük keçid məntəqəsinin layihələndirməsi və inşası “Bilgə Qrup” QSC tərəfindən həyata keçirilir. 9 oktyabrda yaılmış məlumatda Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, “Bilgə Qrup” QSC-nin direktoru Elvin İsmayılovla birlikdə Birinci Şıxlı kəndində qəhrəman şəhidimizin ata ocağında olub, əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb.

3 oktyabrda “Bilgə Property”nin tərəfdaşlığı ilə “Legend” bilyard klubu istifadəyə verildiyi açıqlanıb.

8 avqustda Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə “Rotante” restoranının açılışı baş tutduğu açıqlanıb.

17 iyulda Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə Memorial hospitalının Nərimanov filialının açılışı baş tutması açıqlanıb.

20 mayda Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə “Tabakevi” mağazasının açılışı olduğu açıqlanıb.

“BİLGƏ QRUP” QSC layihələrinin biri də 19 apreldə baş tutub. Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə T-Döner kafesi açılmışdır.

13 apreldə “Bilgə Property”nin tərəfdaşlığı ilə Bakıda NPT Panel, PKS Doors, FrioPlus mağazaları açılmışdır.

10 mart 2023 il tarixində Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə GreenBox kafesi açılmışdır. Açılışda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak etmişdir.

Bütün bu məlumatlar “Facebook”sosial şəbəkəsində “BİLGƏ QRUP” səhifəsinə yerləşdirilib. Göründüyü kimi şirkət Bakıda restoran, kafe, mağazalar şəbəkəsinə malikdir. Tikinti işlərinin də həyata keçirdiyi barədə məlumatlar var. Bütün bunlar şirkətin yüksək çinli bir məmur tərəfindən idarə olunduğunun da göstəricisidir. Şirkətin qanuni təmsilçisi kimi göstərilən İsmayılov Elvin Sahib oğluna gəlincə. Onun adına 10.05.2023-cü ildə “BİLGƏ MÜLK” Mənzil-Tikinti Kooperativi, 16..05.2023-cü ildə isə “BİLGƏ TTT” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Yuxarıda qeyd etdiyimiz kimi “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınanda ilk qanuni təmsilçisi Şahhüseynbəyova Nigar Faiq qızı olub. Bəs dövlət qeydiyyatından 5 il əvvəl keçmiş, restoran, kafe, mağazalar şəbəkəsinə malik olan və son 13 gün ərzində milyonlarla dəyəri olan 10 tenderin qalibi olmuş QSC-ni təsis etmiş Nigar Şahhüseynbəyova kimdir? İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma göstərir ki, Şahhüseynbəyova Nigar Faiq qızı Azərbaycan Universitetinin müəllimi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantıdır. Hazırda MMC-nin qanuni təmsilçisi kimi İsmayılov Elvin Sahib oğlu göstərilsə də Nigar Şahhüseynbəyova çox güman ki, təsisçilik hüququnu özündə saxlayır.

Respublikamızda müəllimlərin aylıq əmək haqqı bu gün hər kəsə məlumdur. Azərbaycan reallığında bir qadın müəllimin bu qədər geniş imkanlara sahib olması heç inandırıcı görsənmir. Bir xanım müəllimin təsisçisi olduğu sıradan bir şirkətin 13 gün ərzində 3 milyon manatdan çox dövlət sifarışi alması nə dərəcədə realdır? Sözsüz ki, QSC bu dövlət sifarişlərini yüksək çinli məmurların tapşırığı ilə əldə edib. Təbii ki, onların kimliyini biz bilə bilmərik. Onu İqtisadiyyat naziri Mikayıl Cabbarovdan soruşmaq lazımdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...