SƏDRLƏR DƏYİŞİR, AMMA “GÖMRÜK LABİRİNTİ” BİTMİR... - “Gömrük laboratoriyası” sahibkarları necə və niyə incidir?

SƏDRLƏR DƏYİŞİR, AMMA “GÖMRÜK LABİRİNTİ” BİTMİR... -
Gömrük orqanları Azərbaycanda sıravi vətəndaşların və xüsusilə də sahibkarların haqlı narazılıq etdiyi qurumlardan biri kimi öz “dəyişməz statusunu” saxlamaqda davam edir. Doğrudur, son illər Dövlət Gömrük Komitəsində Azərbaycanın ən varlı adamlarından birinə çevrilmiş Səfər Mehdiyevin sədr vəzifəsindən çıxarılması başda olmaqla, ciddi kadr dəyişiklikləri həyata keçirilib, müəyyən səviyyədə şəffaflıq yaradılıb və sair. Lakin buna baxmayaraq, gömrüyün bir çox fəliyyət istiqamətlərində köhnə “adət-ənənələr” qorunub saxlanmaqdadır...

Həmin “ənənələrdən” biri Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyəti ilə bağlıdır. Gömrük orqanı istənilən sahibkarın gətirdiyi malı tərkibinin yoxlanması, ya da malın hansı gömrük rüsum dərəcəsinə düşdüyünü(kodunu) müəyyən etmək üçün bu idarəyə göndərə bilər və göndərir. Bu zaman təbii ki, subyektivliyə yol verilir, hər şey orqan əməkdaşının fikrindən asılıdır. Bununla da sahibkarın “qara günləri” başlayır...

Yeri gəlmişkən, ekspertizaya görə rüsum az qala iki dəfə artırılaraq, hər mal çeşidinə görə 50 manata çatdırılıb. Yəni, bir konteynerdə 100 çeşiddə malınız varsa, ekspertizaya görə 5 000 manat ödəməlisiniz. Ona görə də sahibkarlar daha öncədən, könüllü olaraq mallarını ekspertizaya verməkdə maraqlı deyillər.

Məlumat üçün bildirək ki, Azərbaycanda 2018-ci ildən etibarən 7 pilləli (0%, 0.5,% 1%, 3%, 5%, 10%, 15%) advalor gömrük rüsum dərələcələrindən yeni 3 pilləli (0%, 5%, 15%) gömrük rüsum dərəcələrinə keçid tətbiq edilib. Bununla bağlı rəsmi izahatda deyilir ki, məqsəd rüsum dərəcələrinin strukturunun sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, əksər mal kodları üzrə idxal gömrük rüsumlarının endirilməsidir və s.

Ancaq reallıqda təəssüf ki, tamamilə başqa mənzərə hökm sürür. Belə ki, Mərkəzi Gömrük Ekspertizası İdarəsinə gətirilən mal on günlərlə, hətta bəzən daha çox müddətdə burada saxlanılır. Bu zaman sahibkar həm bu malın yükləndiyi yük maşınının hər gününə görə logistika şirkətinə, sürücüyə yüzlərlə dollar artıq vəsait ödəyir, həm də həmin maşın idarənin dayanacağında “yatdığına” görə gündəlik əlavə vəsait ödəyir.

SƏDRLƏR DƏYİŞİR, AMMA “GÖMRÜK LABİRİNTİ” BİTMİR... -




Bəzi hallarda, “əli nisbətən uzun olan” sahibkarlar gətirdikləri malların nümunələrini laboratoriyaya təqdim edərək, yük maşınlarını buradan çıxara, hətta mallarını öz anbarlarına boşalda bilirlər. Lakin bu halda da həmin mallar gömrük orqanı tərəfindən möhürlənir və laboratoriyanın cavabı çıxana qədər onun satışına icazə verilmir. Möhürün qanunsuz şəkildə götürülməsi və malın satılması isə böyük məbləğlərdə cərimə nəzərdə tutur.Yəni, sahibkar malı öz anbarına boşaltsa da, onu sata bilmir.

Qeyd edək ki, söhbət malın ziyanlı, yaxud ziyansız olduğunu yoxlamaq üçün aparılan laboratoriya işindən getmir. İdarə sadəcə, həmin malın yuxarıda qeyd edilən 15 faiz, 5 faiz, yoxsa 0 faiz gömrük rüsumuna cəlb edilməsini yoxlayır. Bu isə ya işin çoxluğundan, ya səhlənkarlıqdan, ya da hansısa digər səbəbdən on günlərlə, bəzən aylarla vaxt aparır. Deməli, sahibkar həm yük maşınının icarəsinə, həm də “dayanacaq pulu”na görə əlavə xərclər çəkir.

SƏDRLƏR DƏYİŞİR, AMMA “GÖMRÜK LABİRİNTİ” BİTMİR... -


Malı hansısa anbara boşaldırsa, orada icarə haqqı ödəyir, malı satışa çıxara bilmədiyi üçün əlavə izafi xərclərə düşür – işçiyə əmək haqqı, mağazaya icarə haqqı və sair ödəyir. Məsələn, onun kredit götürdüyü bank isə öz faizlərini tələb edir, icarəyə verən öz haqqını, işçi öz maaşını istəyir və onları gömrüyün sahibkarın başına açdığı oyunlar maraqlandırmır. Bütün bunlar da nəticədə həmin malın maya dəyərini artırır, rəqabət qabiliyyətini azaldır və ən nəhayət, qiymətini bahalaşdırır ki, bu da sonda sahibkarın və sıravi alıcıların başında, cibində “çatlayır”.

Mərkəzi Gömrük Ekspertiza İdarəsi isə “xımır-xımır öz işi ilə məşğuldur, heç yerə tələsmir. Hansı ki, bu vəziyyətin yaranmaması üçün asan çıxış yolları var.

Birincisi, idarənin işini sürətləndirmək, süründürməçiliyə, bürokratiyaya son qoymaqdır. Ancaq uzun illərdən bəri, o cümlədən S.Mehdiyevdən əvvəl, onun öz dövründə və indinin özündə də bunu etmək istəyənə oxşamırlar.

Yaxşı, əgər bunu bacarmırlarsa, heç olmasa sahibkardan əvvəlcədən hansısa məbləğdə depozit almaq olar. Zatən sahibkar heç yerə qaçan deyil. Onu “boğazlamaq” gömrük və vergi orqanı üçün bir udum su içmək qədər asandır.

Ancaq yenə də, sahibkara inam yoxdursa, depozit alsınlar. Yəni, əgər mal 15 faiz, yaxud 5 faiz gömrük dərəcəsinə düşərsə, həmin depozitdən sahibkarın ödəməli olduğu gömrük rüsumu çıxıla bilər. Yox, əgər 0 faizə düşərsə, depozit sahibkara qaytarılar.

Əvzəində, astagəl laboratoriyanın öz işini gördüyü müddətdə sahibkar asanlıqla malını satışa çıxarar və öz xərclərini, maaşları, icarə haqqını və s. ödəyər, əlavə xərclərə düşməz, nəhayət, onun satışa çıxardığı mal da daha ucuz olar.

Ancaq göründüyü kimi, DGK bunların heç birini etmir – nə Mərkəzi Gömrük Ekspertiza İdarəsinin işini sürətləndirmir, nə də sahibkara ekspertiza müddətində öz malını satmağa imkan yaratmır.

Müqayisə üçün bildirək ki, məsələn, Gürcüstanda sahibkar nəinki ekspertiza xərclərini, ümumilikdə gömrük rüsumunu dərhal yox, malı satandan sonra ödəyə bilir. Yəni, ona müəyyən möhlət verilir. Azərbaycanda isə bütün xərcləri, rüsumları dərhal, yerindəcə ödəyən sahibkar belə süründürməçiliklə üzləşir.

Əlbəttə ki, ekspertiza məsələsi gömrükdəki çoxsaylı problemlərdən yalnız biridir və daha çox texniki məsələdir. Belə problemləri həll etmək üçünsə sadəcə, öz vətəndaşına, sahibkarına azca da olsa “can yandıran” məmurlara ehtiyac var. Belələri isə görünür ki, yoxdur, xüsusilə də gömrük orqanında.

Cəlal Məmmədov



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...