İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövləşməsi – ARAŞDIRMA

 İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövləşməsi –
Abşeron-Xızı Regional Təhsil İdarəsi "Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti ilə 70 000 manatlıq satınalma müqaviləsi bağlayacaq.
Reportyor.info xəbər verir ki, müqavilə "Azərbaycan müəllimi” qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 000 nüsxə qəzetlə təmin ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Azərmətbuatyayımı” ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. Ondan əvvəl şirkəti Səfərli Vüqar Müzəffər oğlu təmsil edib.

Vüqar Səfərli 2009-2020-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsində işləyib. və 2021-ci ildə həbs edilib. Ona qarşı 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4-ci (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Vüqar Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Bundan başqa, onun Xətai rayonu, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

"Azərmətbuatyayımı” ASC Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun şirkəti kimi tanınıb. Bu da səbəbsiz deyil. ASC-nin təsisçisi "Kaspi Mətbuat Yayım” MMC-dir. 1 mart 2004-cü ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Bu ünvanda Əli Həsənovun ailə üzlərinə məxsus "Atom Qida” MMC, "Bakı 24” MMC, "Kaspi AZ” MMC, "Mətbuat Evi” MMC, "Golden Prince” MMC, "Global Advertisment” MMC və "Kaspi Co” MTK qeydiyyatda olub. Bu şirkətlər artıq ləğv edilib. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.
Digər tərəfdən, "Azərbaycan müəllimi” qəzeti həftədə bir dəfə 300-500 tirajla nəşr edilir. Bu isə il ərzində 70 000 nüsxə etmir.
Biz hələ abunə haqqının baha olmasından danışmırıq. Hazırda qəzetlərin qiyməti 60 qəpikdir. Amma hansısa səbəbdən İdarə "Azərbaycan müəllimi” qəzetini 1 manatdan alır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır. Media onun fəaliyyəti haqqında tənqidi materiallarla zəngindir.
Onun bu vəzifəyə təyin olunmasından sonra Abşeron təhsilinin bərbad vəziyyətə düşdüyü barədə iddialar var. Bu iddialar indiyə qədər təkzib olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...