Milli Məclisdə bir çıxışı ilə qalmaqala salan namizəd... - Bəhruz Məhərrəmova niyə töhmət verilmişdi?

Milli Məclisdə bir çıxışı ilə qalmaqala salan namizəd... -
Builki parlament seçkilərinə hakim fraksiyanın yeni dəyişiklərlə gedəcəyi bildirilsə də, yenə də deputatlığa namizədliyini verən şəxslərin çoxu hamıya bələd simalar oldu. Hətta Milli Məclisdə YAP-dan fərqli olaraq, digər siyasi qüvvələri təmsil edən namizədlər də yenidən mandatını qorumaq üçün mübarizəyə qoşulub.

Onların arasında bir çoxu mediada var-dövləti ilə ad çıxarsa da, digərləri parlamentdəki susqunluğu, yaxud dayaz açıqlamaları ilə gündəmə gəlməyi bacarıb.

Yenicag.az-ın seçki marafonu ilə başlatdığı silsilə yazıların bugünkü “qonağı” Milli Məclisin VI çağırış deputatı olmuş Bəhruz Məhərrəmovdur.

Bəhruz Məhərrəmov parlamentdə bitərəf olsa da, adətən, iqtidaryönümlü açıqlamarı ilə gündəmə gələn bir şəxsdir. Hətta Bəhruz müəllim deputatlığının ilk ilində Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət də almışdı. Belə ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər birmənalı qarşılanmışdı. Hətta komissiya deputat söz çıxışlarında məsuliyyət hissini rəhbər tutması, Azərbaycanın milli maraqlarını daim nəzərə alması ilə bağlı tövsiyələr də vermişdi. Beləliklə, parlamentin İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmişdi.

Ümumiyyətlə isə yuxarı dairələrdən Bəhruz Məhərrəmova dəfələrlə xəbərdarlıq edərək, çıxışları və müsahibələri zamanı ehtiyatlı olmağı, parlamentin nüfuzuna zərbə vuracaq sözlər deyilməməsi tapşırılsa da, deputat səriştəsizliyindən və ya düşünülmüş şəkildə təmsil etdiyi partiyanı və parlamenti öz çıxışları ilə nüfuzdan salmağa davam edib.
Onun dayaz və birmənalı olmayan açıqlamaları isə bununla bitmir. Belə ki, deputatın xalq hərəkatı haqda dedikləri son sözlər isə ictimai etirazla yanaşı, hakim partiyada da qəzəb doğurmuşdu. Onun sözügedən açıqlamasından bir hissəni təqdim edirik:

“Azərbaycan tarixində milli ruha, azadlıq ideallarına AXC-Müsavatın xuntası qədər zərbə vurmuş ikinci qüvvə yoxdur. Bu birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb. Əksinə, xalqının sovetlərə inamı Heydər Əliyevin siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması ilə qırılmış, insanlar məhz Ulu Öndərin portretləri ilə ayağa qalxmışdı. Özünə xalq cəbhəsi deyən, əslində isə Qorbaçovun “yenidənqurma siyasətinin” elementi kimi mərkəzdən idarə olunan qruplaşmanın tribunaları ələ keçirməsi isə hərəkatının məramını dəyişdi, sovet rejimi prosesi arzuladığı istiqamətdə idarə etməyə başladı. O dövrdə Qorbaçov rejimi bütün ittifaq dövlətlərində müstəqilliyə meylli liderləri hədəfə almışdı, amma Azərbaycan Xalq cəbhəsindən başqa heç bir yerli təsisat öz soydaşına qarşı mərkəzlə birləşmədi, yalnız bu satqınlar Heydər Əliyevə potensial rəqib kimi baxaraq imkanlarını Ulu öndərin fiziki məhvinə səfərbər etmişdilər”.

Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikirləri ilə razılaşmayaraq, xalq hərəkatını tənqid etməyi, Azərbaycanın dahi şəxsiyyətlərinin müqayisənin aparılmasını düzgün saymadığını bildirmişdi:

“1988-ci ildə biz – 1 milyon, milyon yarım insan erməni işğalına qarşı çıxırdıq, bunun hakimiyyətə dəxli yoxdur. SSRİ-nin dağılmasında ən mühüm rol oynayan hadisələrdən biri isə məhz Azərbaycan Xalq Hərəkatı idi. Başda Bəhruz Məhərrəmov olmaqla, bəzi cavan dostlarımız prosesləri bilmir.

Bu xalq bizimdir. AXC-Müsavat hakimiyyətinin qüsurları olub, bəli, tənqid edə bilərsən. Amma Müstəqillik Aktına biz imza atmışıq, biz imzalamışıq və oturmuşuq burada, ölüb getməmişik. Götürün Heydər Əliyevin Xalq Hərəkatına münasibətini oxuyun.

Mənim kitabım var. Bəli, səhvlər oldu və Heydər Əliyev gəldi, çox böyük fəlakətdən xalqı qurtardı. Onu Rəsulzadəyə və ya başqasına qarşı qoymaq lazım deyil. Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı. Tarix ardıcıllıqdır. Bir tarixi inkişaf etdirmək üçün birini böyüdüb, digərini kiçiltmək olmaz. Heydər Əliyev bütün Azərbaycan şəxsiyyətləri ilə fəxr edirdi. Ay cavan oğlan, sən nə qazanırsan? Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam birinci düşünüb, sonra danışar”.

Yeri gəlmişkən, qeyd edək ki, cənab Məhərrəmov məhz bu qalmaqaldan sonra bir müddətdir ki, səssizliyə çəkilib. Lakin buna baxmayaraq, onun 69 saylı Biləsuvar seçki dairəsindən namizədliyini verməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının siyahısında məlumatlar yer alıb.

Lakin belə başa düşürük ki, bu il Bəhruz müəllimin şansı sıfıra bərabərdir. Çünki 4 il ərzində bir dəfə də olsun, yararlı açıqlama verməyən, danışmaq xətrinə danışan Bəhruz Məhərrəmov Biləsuvar seçicilərinin bir daha etimad göstərəcəyi real görünmür.

Mövzunu davam etdirəcəyik…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...