91 müəllimi ixtisara salan Nərmin Qaralova niyə CƏZALANMIR? – Daha bir ŞİKAYƏT
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal böyüyür. Çıxarılan müəllimlər 4 aydan çoxdur nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar. Cavabdeh qurumlar isə susur.
Bu dəfə Bizim.Media-ya işdən çıxarılan müəllimlərdən daha biri, musiqi nəzərəiyyəsi ixtisasını tədris edən Sənəm Ramazanlı müraciət edib. Şikayətçinin sözlərinə görə xəbərdarlıq olunmadan işdən çıxarılıb və 4 aydır işsizdir. Tələbi isə işinə qaytarılmaqdır:
“Hazırda yerimdə Nərmin Qaralovanın katibəsi müəllim kimi çalışır. Hansı ki, məni işdən kənarlaşdırmamış onu yerimə götürmüşdi. Sonradan xəbər tutdum. Ötən il sentyabrın 24-ü Kollecin direktor müavini Kamran Mənsimov iclas keçirdi.
İclasda heç bir rəsmi sənəd gəstərmədən və əsaslandırma gətirmədən biz müəllimlərin guya 2019-cu uldə qeyri-qanuni olaraq işə götürüldüyümüzü bildirdi. 50-yə yaxın ali təhsilli müəllim Təhsil Nazirliyinin rəsmisi Nicat Məmmədlinin qəbuluna getdik.
O, isə məsələdən xəbərsiz olduğunu bildirərək yenidən bizi Nərmin Qaralovaya yönləndirdi. Qeyd edim ki, mən və əksər həmkarım kollecə müddətsiz müqavilə ilə qəbul olunmuşuq. Nərmin Qaralova ilə görüşdüm. O, isə məni müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəzlənməsinə təkid etdi. Qəbul etmədim və o gündən indiyədək aidiyyəti dövlət qurumlarına müraciətlərimiz davam edir. Digər müəllim yoldaşlarım da eyni durumdadır. Amma məsələ həllini tapmır”.
Sənəm Ramazanlı qeyd edib ki, Nərmin Qaralova 4-5 ay əvvəl kollecin 91 müəllimini ixtisara salıb. Sonrakı müddətdə onların əksəriyyəti Təhsil Nazirliyi tərəfindən kollecdə öz ixtisaslarına uyğun olmayan şəkildə yerləşdirilib.
Şikayətçi əlavə edib ki, aidiyyəti qurumlardan heç bir reaksiya gəlmədiyindən noyabr ayında 21 müəllim Binəqədi Rayon Məhkəməsinə müraciət edib. İki hazırlıq iclası keçirilib. Növbəti məhkəmə prosesində hakim tərəfindən Humanitar Kollecin direktor müavini Kamran Mənsimovla, Həmkarlar ittifaqı komitəsinin sədri Nigar İmanovanın iştirakı tələb edilib.
Növbəti məhkəmə prosesi martın 3-nə təyin edilib.
Xatırladaq ki, ötən il noyabrın 26-da Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəllimi işdən çıxarılıb.
Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
1 327 dəfə oxundu