“General Beydullayev ev tikib, ünvanımızı əlimizdən alıb” - Bayıl sakini

“General Beydullayev ev tikib, ünvanımızı əlimizdən alıb” -
“Evi qanunsuz tikib, aldığı çıxarış da saxtadır”

“Özüylə söhbət eləmişəm, heç vecinə də deyil, deyir, get, nə istəyirsən elə. Deyirəm, özüm bir tərəfə, azyaşlı uşaqlarımı da havada qoymusan, sənə ayıb deyil? Axı sən ordu generalısan…”.

Bakı sakini Emin Qurbanismayılov Meydan TV-yə danışır ki, 1982-ci ildə Səbail rayonu, Bayıl qəsəbəsi, Yüzbəy Mürsəlov küçəsi dalan 1, ev 14 ünvanında doğulub və orada yaşayır.

Deyir ki, bu evi babası tikib və 1959-cu ildə ev qeydiyyata alınıb. Ancaq ərazi Dövlət Neft Şirkətinin olduğuna görə, bu ərazidə yaşayanlara mülkiyyətçi sənədi verilməyib.

2000-ci illərdə hazırda ehtiyatda olan ordu generalı Məmməd Beydullayev əraziyə yaxın yerdə ev tikib.

2018-ci ildə evə Çıxarış alıb. Çıxarışda mülkiyyətçi olaraq həyat yoldaşı Simnarə Beydullayevanın adı qeyd edilib.

Emin Qurbanismayılov bundan günlərin birində ASAN Xidmətə yaşayış yerindən arayış almaq üçün gedəndə xəbər tutub:

“ASAN Xidmətdə bildim ki, mənim evimə Beydullayeva Simnarə və iki övladı qeydiyyata düşüb. O dəqiqə anladım ki, Məmməd Beydullayevin ailəsidir, çünki illər əvvəl bizdən aralıda torpaq alıb evi tikdiyini və orada yaşadığını bilirdim. Özü qeydiyyata düşməyib. Həmin vaxtdan Beydullayevlə görüşüb məsələni aydınlaşdırmaq istəyirdim ki, bu ilin yanvarında özü bizə gəldi. Dedi, evini girov qoymalıdır, ancaq ünvanlar üst-üstə düşdüyünə görə problem yaranıb. İstədi ki, onunla notariat kontora gedib sənədə qol çəkim, getmədim”.

Emin Qurbanismayılovun sözlərinə görə, o, Məmməd Beydullayevə təklif edib ki, məhkəməyə müraciət edib başqa ünvan alsın. Məmməd Beydullayevin həyat yoldaşı bu ilin mayında məhkəməyə müraciət edib. Ancaq o, bunu başqa ünvan almaq üçün yox, Qurbanismayılovların yaşadıqları ünvandakı qeydiyyatlarının ləğv edilməsi üçün edib:

Beydullayevin evi.
Foto: Meydan TV
“General Beydullayev ev tikib, ünvanımızı əlimizdən alıb” -
“General Beydullayev ev tikib, ünvanımızı əlimizdən alıb” -

“Məhkəməyə çağırıldım, işlərimlə əlaqədar gedə bilmədim. İyulun 7-də mənə məhkəmə qərarı gəldi. Baxdım ki, məni də, iki azyaşlı övladlarımı da məhkəmə yarım əsrdən çoxdur yaşadığımız evin qeydiyyatından çıxarıb. İndi biz bu evdə faktiki yaşasaq da, ünvanımız yoxdur. Əlimizdən alıb Beydullayevlərə veriblər”.
Məhkəmə Qərarı mayın 31-də çıxarılsa da, poçtalyon Qurbanismayılovların evinə iyulun 7-də gəlib, məktubun qəbul edilməsiylə bağlı sənədi imzalatmadan gedib.

Emin Qurbanismayılov deyir, neft əraziləri olduğuna görə, yaxın illərədək burada heç kimə mülkiyyətçi sənədi verilməyib. Heç indi də evlərə Çıxarış almaq mümkün deyil. Yalnız istisna hallarda – şəhid ailələrinə, müharibə əlillərinə verilir:

“Mənim babam da, atam da neft sahəsində işləyib, bu torpağı da o vaxt neftçi ailəsi kimi veriblər atama. Biz illərlə çalışsaq da, Çıxarış ala bilmədik, dedilər, neft torpaqlarıdır. Təkcə biz yox, heç kimə vermədilər. 50 ildən çoxdur ki, işıq, qaz, su qəbzləri adımıza bu ünvana gəlir. Bu küçənin keçmiş adı İkinci Yubiley olub, gedib Beydullayevdən soruşsanız, görəcəksiniz ki, bu küçənin adının nə vaxt dəyişdirilməsindən də xəbəri yoxdur. Burada ev tikməyə icazə yoxdur. Evi qanunsuz tikib, aldığı Çıxarış da saxtadır. Qanunsuz tikiliyə saxta Çıxarış almaq üçün ünvan lazım olub, deyiblər, gəl, kiminsə ünvanına oturdaq tikilini, sonra da Çıxarışla gedərsən məhkəməyə, ünvanda əvvəldən qeydiyyatda olanları çıxdartdırarsan. Bunun da ağlına batıb. Daha düşünməyib ki, ələ keçirdiyi ünvanın ardıcıllığı yarım kilometr aralıdakı evlərə aiddir, məsələn, Yüzbəyov 10, 12 evimin sağında, 16, 18, 20 və sair evimin solunda yerləşir. Necə ola bilər ki, təkcə dalan 1, ev 14 gedib bunun evinin ərazisinə düşsün?”.

Məmməd Beydullayevin həyat yoldaşı Simnarə Beydullayeva isə hesab edir ki, ünvan qanunla onun mülkiyyətçisi olduğu evə düşür. O, məhkəmədə iddia qaldıraraq Emin Məhəmmədoviç Qurbanismayılovun, azyaşlı uşaqları Cəmilə Qurbanismayılova və Mühəmmədin Qurbanismayılovun Y.Mürsəlov küçəsi dalan 1 ev 14 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmalarını tələb edib. Simnarə Beydullayeva iddiasında göstərib ki, bu adamlar onun mülkiyyətçisi olduğu evdən 200-300 metr aralıda öz mənzillərində yaşasalar da, məlum olmayan səbəbdən onun evinə qeydiyyata düşüblər. Hakim də Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Simnarə Beydullayevaya verilmiş Çıxarışa (sənəddə ünvan Yüzbəy Mürsəlov küçəsi dalan 1 ev 14 qeyd olunub) əsaslanıb və iddianı təmin edib.

Hüquqşünas Namizəd Səfərov deyir, Emin Qurbanismayılov Qərardan apelyasiya şikayəti verməlidir və şikayət ərizəsinə mübahisəli ünvanın onun yaşadığı evə aid olduğunu təsdiqləyən sənədlər (qaz, işıq, su borcuna görə bildirişlər, ödəniş qəbzləri, şəxsiyyət vəsiqələri, evə aid digər sənədlər və sair) əlavə etməlidir:

“Əgər iddia onun ünvandan çıxarılmasıyla bağlı idisə, yaxşı olardı ki, məhkəmədə iştirak edib həmin sənədləri məhkəməyə təqdim edəydi. İndi onun yalnız bir çıxış yolu var, bu da apelyasiya şikayəti verib birinci məhkəmənin qərarını ləğv etdirməkdən ibarətdir. Ancaq o, həm də Çıxarışın ləğvi üçün də elə həmin məhkəmədə qarşılıqlı iddia qaldırmalıdır”, – hüquqşünas deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...