Naxçıvan gömrüyündə «xan qapısı» da var imiş: Gizli qapıdan nələrin keçirildiyini bəlli deyil
«Xan qapısı»ndan ən çox mal keçirən «Cahan» Holdinqin prezidenti Vüqar Abbasov dindirilmə prosesinə cəlb olunub...
Naxçıvan Gömrük Komitəsinin bütün şöbə rəisləri Bakıya iclasa çağırılıblar. Onlar Bakıda 1 gün sorğuya çəkildikdən sonra geri qayıdıblar.
Ovqat.com-un etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, rəisləri əsasən Naxçıvan gömrüyündəki gizli keçiş qapılarından keçirilən malları araşdırmaq üçün paytaxta dəvət ediblər.
Bildirilir ki, həm Culfa, həm də Sədərək gömrüyündə yalnız Talıbovlara məxsus yükləri daşıyan TIR-ların keçdiyi xüsusi qapı fəaliyyət göstərirmiş. Həmin qapılar o qədər məxfi saxlanılırmış ki, hətta gömrük rəsmiləri belə həmin əraziyə daxil ola bilmirmiş. Təbii ki, gömrük rəsmiləri də Bakıda çəkildikləri sorğuda müfəssəl məlumat verə bilməyiblər. Məhz bu səbəbdən Naxçıvan sərhəd qoşunlarının birbaşa Bakıya tabe olunmasına qərar verilib və yəqin ki, onlar da sorğuya cəlb olunacaqlar.
İddialara inansaq, Azərbaycanın müvafiq orqanları Naxçıvan gömrüyündəki «xan qapısı»ndan Türkiyəyə və İrana keçirilən malların nədən ibarət olduğunu aydınlaşdırmaq üçün hər iki dövlətə sorğu göndərməyə hazırlaşır.
Deyəsən, «Qara Pişik» kod adlı mənbəmizin 1 həftə əvvəl bizə verdiyi məlumatlar öz təsdiqini tapır: «Görünən budur ki, «xan»ın da, onun baş gömrükçüsü Səhət Həbibbəylinin də işi həqiqətən fırıqdır».
Xüsusilə Səhət Həbibbəylinin taleyi olduqca qaranlıq görünür. Qonşu dövlətlərə göndərilməsi planlaşdırılan sorğuların cavabı onun taleyini müəyyənləşdirəcək. Hətta o da mümkündür ki, atasının qızıl yumurtalayan qələmi belə Səhəti qoruya bilməsin.
Digər bir məlumata görə, «xan qapısı»ndan ən çox mal keçirən «Cahan» Holdinqin prezidenti Vüqar Abbasov dindirilmə prosesinə cəlb olunub.
552 dəfə oxundu