7 ildir inşası bitməyən Zığ-Hövsan yoluna nə qədər vəsait XƏRCLƏNİB — ARAŞDIRMA

7 ildir inşası bitməyən Zığ-Hövsan yoluna nə qədər vəsait XƏRCLƏNİB —
7 ildir inşası bitməyən başı bəlalı Zığ-Hövsan yolunun bu il istifadəyə veriləcəyi bildirilib. Amma 18 kilometrlik yolun təmiri bu illər ərzində yekunlaşmaq bilmir. Halbuki Zığ-Hövsan yolunun təmirinə 2015-ci ilin 20 oktyabrında başlanılıb və 2017-ci ildə bitməsi planlaşdırılıb. Amma təmir işləri ləng və fasilələrlə, maliyyə vəsaiti ayrıldıqca aparılır. Əsaslı təmiri bitməyən yolda vaxtaşırı qəzalar baş verib və xeyli sayda ölüm olub.

Yolun yenidən qurulması işlərinin bu qədər uzanması qəsəbə sakinləri ilə yanaşı, sürücüləri də ciddi narahat edir.

Qeyd edək ki, 7 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sözügedən yolun təmirinin yekunlaşması üçün bir neçə dəfə vəsait ayrılıb.

Belə ki, Prezident İlham Əliyevin 2021-ci ilin 23 sentyabrında imzaladığı sərəncamla Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,0 (altı) milyon manat ayrılıb.

Bunun ardınca, daha dəqiq desək, 2021-ci ilin 10 oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zığ-Hövsan yolunun inşası üçün daha 4.9 milyon manat ayrılıb.

Bu ilin sentyabrında növbəti dəfə Prezident İlham Əliyev Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Həmin sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,6 milyon (dörd milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ən son isə oktyabrın 28-də 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.

Beləliklə sözügedən yolun təmir-bərpası üçün dövlət büdcəsindən toplam 22 milyon 500 min manat vəsait ayrılsa da, Zığ-Hövsan yolu hələ də yekunlaşmayıb. 23 milyon isə heç də az məbləğ deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasına görə hazırda yolun Zığ qəsəbəsi istiqamətində son mərhələdə olmaqla asfaltlanma işləri davam edir.

3 yerdə, yolun 1.8, 2.2 və 4.4-ci km-lik hissələrində yerüstü piyada keçidlərinin inşası və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri aparılır. Siqnal dirəklərinin, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə cari ilin sonunadək vətəndaşların istifadəsinə veriləcək.

Aparılan işlərdən isə görünən odur ki, Zığ-Hövsan yolu bu ilin sonunda da yekunlaşmayacaq. /bizim.media



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...