"Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik" - Şahbaz Xuduoğlu

"Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik" -
“Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik - Bir millət, bir dil”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu özünün feysbuk hesabında yazıb.
O iddia edir ki, dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilməyib:

“30 ildir kitab nəşr edirəm. Yaxşı satılan kitabların sayı iki mini keçmir. Yerli yazıçıların əsərləri daha da zəif. İlboyu 200, 300, yaxud 50-60 ədəd oxunur. Əsas tərcümə ədəbiyyatı oxunur. Ondan da oxucular daim narazıdırlar. Buna baxmayaraq, kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir. Bakıda rusca daha çox oxunur. Regionlarımız, gənclik isə türkcə oxumağa üstünlük verirlər. Müasir oxucular Dostoyevski, Tolstoy, Çexovu, Turgenovu və sair rus klassiklərini türkcə oxuyurlar. Müstəqilliyin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nəaliyyəti yoxdur. Arxada qalan illərində təhsil sistemi qurulmadı. İxtisaslı mütəxəssislər yetişdirən təhsil ocaqlarımız düz-əməlli dərsliklər yaza bilmədilər. Tələbələr yalnız xarici dillər öyrənməklə dəqiq fənlər üzrə; tibb, iqtisadiyyat, kimya, fizika, riyaziyyat sahəsində biliklərini artırır, yaxud xaricdə təhsilə üz tuturlar. Hüquq sahəsində hələ də rus kitablarını tərcümə edib tələbələrə oxudurlar.

Dünyada olduğu kimi bizdə də kitab oxuyanların sayı artır, amma daha çox əcnəbi dillərdə: rusca, ingiliscə, türkcə... Buna səbəb həmin dillərin inkişafı üçün mühitin və əsaslı dövlət siyasətinin olmasıdır.

Bizdə isə əksinədir. Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq.

İndi danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılıb, ədəbi dil şəkilini alıb və göründüyü kimi, heç də hamının sevimlisi ola bilməyib. Dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı.
Bütün elit obyektlərdə, restoran, hotellərdə rusca danışılır. Yüksəkvəzifəlilər öz aralarında rusca danışır. Bu günün özündə də rus məktəbləri Azərbaycan məktəblərini “yeyir”.

Özlərini intellektual, mədəni hesab edənlər bu dildə danışmırlar, heç danışmaq da istəmirlər. Adamlar var, bu ölkədə doğulur, ad, mənsəb sahibi olur, amma bu dili bilmirlər. Ona görə ki, zərurət görmürlər.
Azərbaycanda daim rusca danışan, mən azərbaycanca bilmirəm deyən necə olur İstanbula düşən kimi türkcə danışmağa başlayır?

Necə olur Azərbaycan şairlərindən bir şeir bilməyən rusdilli azərbaycanlı Nazim Hikməti əzbər bilir?
Gündəlik həyatımızın diqtəsinə qulaq asmaq zamanıdır.
Təhsilimizi və ədəbi dilimizi dəyişməliyik.

İndi beş-altı yazıçı çıxıb deyə bilər ki, bəs bizim klassiklər, bizim gözəl dilimiz... Demək, onlar gələcəyi görə bilmirlər. Bu gedişlə bu dil bir azdan heç meyxana dili də olmayacaq”.

Naşir Azərbaycan dilini məhəlli türk şivəsi adlandırıb və Türkiyə türkcəsinə keçməyin zamanı olduğunu yazıb:
“Cümhuriyyət yarananda dilimizin adı türk olub, kitablarımız türkcə çıxıb. Bəs indi niyə gerçək dilimizə sahiblənmirik?
Cənubda 30 milyon Azərbaycan türkü olduğunu deyirik. Tehran kitab sərgisində olanda şahidi oldum ki, onlar da türkcə kitab oxumağa üstünlük verirlər, Türkiyə filmlərinə baxırlar. Onlara azad seçim imkanı verilsə, 99 faizi təhsil üçün Türkiyəyə gedər. Sabah muxtariyyət hüququ qazansalar, Türkiyə-Atatürk türkcəsini seçəcəklər, Azərbaycan türkcəsini yox. Ona görə ki, bizim türkcədə ağlabatan heç nə yoxdur. Bu dildə nə hüquq sistemi quruldu, nə səhiyyə, nə də təhsil. Kitab oxuyan da yoxdur.
Çoxu deyir ki, ortaq türk dili olsun. Bu, sadəcə ədabazlıqdı. Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik. Əslində, müasir türk əlifbasının müəlliflərindən biri elə Mirzə Fətəli Axundovdur. Axundov əlifbasının qəbulu, həm də o irsə sahiblənmək deməkdir.

Əgər dilimizin adı Azərbaycanda yaşayan digər xalqlara daha tolerant münasibətlə bağlıdırsa, axı onlar da təhsil, səhiyyə və biznes üçün Rusiya və Türkiyəyə üz tuturlar. Onlar da mədəni görünmək üçün rusca, yaxud türkcə danışırlar.
Son vaxtlar Azərbaycanda türkcə yazanların sayı artıb, artıq biz türkcə bir necə kitab nəşr etmişik. Onların arasında Gülay Hüseynovanın adını çəkim, çünki ilk olaraq onun kitabını nəşr etdik. Hazırda Türkiyədə kitabları nəşr edilir.

Türkiyə türkcəsi böyük sürətlə Qafqaza yayılır, Gürcüstanda gürcü körpələri türk cizgi filmlərinə baxır, türkcə danışanların sayı xeyli artıb. Ərəb ölkələrində də türk serialarının böyük reytinqi var, onun sayəsində türkcə danışanlar da çoxalıb.
Bu yaxınlarda Qətərdə hotelin foyesində bir xanım Azərbaycandan olduğumu biləndə türkcə danışmağa başladı. Dedi misirliyəm, türkcəsinin haradan olduğunu soruşdum, seriallara baxıb öyrəndiyini bildirdi.

Məhəlli türk şivəsindən həqiqi türkcəyə, Türkiyə türkcəsinə keçməyin zamanıdır. Bəlkə də gecikirik.
Türkcəni qəbul etməklə görün, nə qədər üst-üstə yığılmış problemlər həll olacaq.

Həmişə düşünmüşəm yaxşı olacaq, dilimiz inkişaf edəcək.

Ümid məni irəli aparır, reallıq isə geri çəkir. Yeganə inkişaf yolumuz Axundov irsinə qayıtmaq öz türkcəmizi qəbul etməyimizdir”.

Ş. Xuduoğlunun bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə, həmçinin tənqidlərə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...