Azərbaycanda şikəst zövqlü nəsil formalaşıb - Cavanşir Quliyev

Azərbaycanda şikəst zövqlü nəsil formalaşıb -
“Azərbaycanda şikəst qulaqlı və şikəst zövqlü nəsil formalaşıb”.
Bunu Modern.az-a Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev ölkəmizdə bayağı mahnılara marağın artmasının səbəbləri barədə danışarkən deyib.

Onun fikrincə, insanların bayağı mahnılar dinləməsi zövqlərinin aşağı olmasından irəli gəlir:

“Cəmiyyətin böyük hissəsinin zövqü çox aşağı səviyyədədir. Təbliğat idarələrinin yanlış fəaliyyəti nəticəsində şikəst qulaqlı və şikəst zövqlü nəsil formalaşıb. Bu səbəbdən hazırkı insanlar bayağı musiqilərdən xilasa ola bilməzlər. Düşünürəm ki, dövrümüzdəki insanlar belə musiqilərə alışıblar və ölənə qədər də onları dinləyəcəklər. Onların zövqünü düzəltmək mümkün deyil”.

Cavanşir Quliyev hesab edir ki, bayağı musiqilərdən xilas olmaq üçün yeni nəsil formalaşmalıdır:

“Fikrimcə, bu məsələnin həlli üçün 50-60 il gözləmək lazımdır. Bəlkə, belə olan halda musiqi zövqü formalaşar. İndiki körpələri doğru-düzgün böyüdüb, zövqlərini inkişaf etdirmək, keyfiyyətli musiqi və başqa sənət əsərləri oxudaraq bu problemi həll edə bilərik. Ən azından onlar heç olmasa 20-30 il sonra keyfiyyətli musiqi dinləsinlər. Bunun başqa yolu yoxdur. Mən bunun mənəvi cinayət olduğunu düşünürəm. Yerli radio kanalları, televiziyalar, təbliğat vasitələri bizi dinləmədi. Biz keyfiyyətsiz musiqilərin verilməməsi üçün etirazımızı bildirdik, qəzetlərdə, saytlarda maarifləndirici yazılar yazdıq. Amma bizi dinləyən olmadı. Nəticədə qorxduğumuz oldu”.

“Mənim bununla bağlı bir neçə məqaləm var. Orada qeyd etmişdim ki, bunun sonu pis olacaq. Budur, biz sona gəldik və elə də oldu. İndi yanğınsöndürən axtarırlar ki, yanğını söndürsünlər. Amma yanğını özləri törədib və alovlandırıblar. İndi vəziyyətdən çıxış yolu axtarırlar. Artıq heç bir çıxış yolu yoxdur. Çünki televiziya kanallarından bunları qapatsanız, ümumiyyətlə, heç kim televizora baxmayacaq.

Artıq dövr dəyişib, fərqli nəsil meydana çıxıb. Heç kim konsertə getmir. Hamının əlində telefon var. Günboyu hər kəs internetdə - “youtube”, “facebook” və digər platformalarda olur. Bu platformalarda da həmin bayağı musiqiləri dinləmək və yükləmək çətin iş deyil. Buna görə də, məsələnin həlli yolu yoxdur. İndidən nələrisə düzəltməyə başlasalar, bəlkə, 50-60 il sonra problem həll oluna bilər. Mənim mövqeyim budur”, - tanınmış bəstəkar vurğulayıb.

Qeyd edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb, nöqsanlar aşkarlayıb 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib. Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva jurnalistlərə açıqlamasında deyib ki, belə mahnıların yayımlanmasının qarşısı alınmalıdır. S.Əliyeva hesab edir ki, televiziya və radiolarda bayağı mahnıların səsləndirilməsi və onları ifa edənlərin efirə çıxarılması qadağan olunmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...