Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir? - Açıqlama

  Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir? -
Sosial şəbəkələrdə sürücülər tərəfindən tez-tez dilə gətirilən narazılıqlar əsasən yol polislərinin sürücülərə görünməz hissələrdə dayanması ilə əlaqədardır. Belə ki, sürücülər iddia edirlər ki, YPX avtomobilləri yolun hərəkət hissəsində deyil, daha çox görünməyən tərəflərdə, yaşıllıqların, digər nəqliyyat vasitələrinin, hansısa maneələrin arxasında gizlənir, anidən çıxıb, sürücünü cərimələyirlər. Bəs bu cür addım qanunidirmi?
GUNDEMINFO.AZ Oxu.az-a istinadla xəbər verir ki, məsələyə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi münasibət bildirib.
Qeyd olunub ki,YPX əməkdaşı istər xidməti avtomobillə, istərsə də piyada qismində öz xidmətini “Yol Patrul Xidməti haqqında təlimat”ın və “Yol hərəkəti haqqında Qanun”un tələbləri çərçivəsində təşkil edir. Xidmət isə aşkar formada təmin edilir.
İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, qeyd edilən qayda pozuntusu əsasən sürət həddinin aşılması ilə əlaqədar olur:
“Sürət həddinin ölçülməsi və qayda pozuntusunun aşkarlanması elektron qaydada, xüsusi avadanlıqlarla həyata keçirilir və bu prosesdə polis və vətəndaş ünsiyyətinə ehtiyac qalmır. Sürət həddini ölçən qurğulara gəldikdə isə onlar stasionar, yəni dirəklərə quraşdırılmış formadadır və sürücülər də onların yerini bilir. Bir çox hallarda məhz sürətini məqsədli şəkildə radara uyğunlaşdırırlar. Digər metod isə daha müasir texnologiyalar vasitəsilə ölçməni həyata keçirməkdir. Bu isə YPX avtomobillərinin üzərindəki xüsusi qurğulardır. Dünyanın ən sivil ölkələrində, eləcə də Azərbaycanda artıq uzun illərdir tətbiq olunan “i-patrul” sistemləri məhz YPX avtomobillərində olur. Bu isə tam qanunvericiliyə uyğundur”.
YPX avtomobillərinin görünməyən hissələrdə dayandığı haqqında iddialara gəlincə, Araz Əsgərlinin fikrincə, bu, bir çox hallarda yersiz və əsassız fikirlərdir:
“Kimin harada dayanmasından qat-qat önəmli olan məsələ qaydanı pozmamaqdır. Bu məntiqdən belə çıxır ki, deməli, polis olmasa, kimsə qayda pozmalıdır? Öz yanlış hərəkətlərini müzakirə edib, ondan nəticə çıxarmaq əvəzinə qanun keşikçisinə belə gülünc iddia səsləndirmək, həqiqətən, təəssüf doğurur. Polis maşını da yolun hərəkət hissəsində dayanmalıdır ki, sürət həddini ölçsün. Amma YPX avtomobili nəqliyyata maneə olmamalıdır. Sürücüdən tələb olunan isə qaydalara riayət etməkdir. Kiminsə etiraz etməyə o zaman hüququ yaranır ki, sürət həddini aşmadığı halda yol polisi ilə üz-üzə qalıb. Sürət həddi ilə bağlı yolboyu məlumatlandırıcı nişanlar qoyulub, maksimal sürət həddi müəyyən edilib, sürətin ölçülməsi ilə bağlı məlumat lövhələri yerləşdirilib. Qanunu pozmamaq lazımdır. Qanunu pozub, onu hansısa formada əsaslandırmaq üçün isə bəhanə axtarmağa ehtiyac yoxdur”.
Baş inspektor onu da qeyd edib ki, sürət həddinin aşılmaması üçün ilk öncə sürücü özü yol nişanında göstərilən maksimal həddə diqqət etməlidir:
“Bu cərimə olunub-olunmamaq məsələsi deyil, qanunun sürücü üzərində olan öhdəliyidir. Təhlükəsizlik üçün isə həyati əhəmiyyət daşıyır, yəni həyatda qalmaq və ətrafdakı insanların həyat və sağlamlığını qorumaq üçün hamı bu qaydalara riayət etməyə borcludur. Qaydaları pozub, daha sonra onu aşkar edənlərə münasibətdə bu müzakirələri aparanların əsas bir səbəbi var, o da məsuliyyətdən yayınmaqdır. Bəzi insanlar düşünürlər ki, qayda, qanun olsun, amma ona təsir etməsin. Bu səhv təfəkkür isə cəmiyyəti hər zaman geriyə salır. Qanunun aliliyi prinsipi var və “heç kim özünü qanundan üstün hesab etməməlidir” düşüncəsi, tələbi ilə biz neqativ hallardan qoruna bilərik. Gəlin, hamımız ağır qəzaların nəticəsində ölüm və xəsarət hallarının, faciəli sonluğun olmaması üçün qaydalara əməl edək, sonrakı peşmanlıq və bəhanələrlə dolu müzakirələr deyil, məhz məsuliyyət bizi qoruyur!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...