Dövlət qəzetlərə niyə pul versin ki?
Azərbaycanda hər il dövlət tərəfindən qəzetlərə müəyyən miqdarda pul ayrılır. Məqsəd yazılı medianı ayaqda saxlamaq, Zərdabi ənənələrini uçurumdan xilas etməkdir. Dövlətin verdiyi dəstəyə baxmayaraq, çap mediasının fəaliyyəti ürək açan deyil. Dəqiq desək, qəzetlər aldıqları pula görə ortaya iş qoymur, daha çox günlərini yola verməklə məşğul olurlar.
Bu danılmazdır ki, Azərbaycanda qəzetə maraq yox dərəcəsindədir. Əksər insanlar gündəlik məlumatları internet KİV-dən almağa üstünlük verir. Qəzetlərə daha çox yaşlı nəslin nümayəndələri və dövlət qurumları maraq göstərir. Ötən gün parlamentin iclasında çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov KİV-lərin çətin durumda olduğunu etiraf edib. Şura sədri qeyd edib ki, ikinci devalvasiyadan sonar mətbuatın vəziyyəti ağırlaşıb. MŞ sədri internet medianın cəmiyyətdə rolunun artdığını deyərək bu sahəyə dövlət tərəfindən pul ayırılmasını təklif edib.
“Bu gün internet media orqanları ölkə daxilində ictimai rəyi formalaşdırır, xaricdə Azərbaycanın müsbət imicini yaradır və çevik təşviq edirlər. Dünyada informasiya müharibəsi gedir. Biz də onun içərisindəyik. Buna görə də onlayn medianın dövlət dəstəyindən bəhrələnməsi zəruridir. Əgər KİVDF-yə ayrılacaq maliyyə artsa, onlayn jurnalistikanı da maliyyələşdirə bilərik”.
Onlayn medianın maliyyələşməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bildirilir ki, ölkədə iqtisadi çətinliklərin yaşandığı vaxtda dövlətin saytlara pul ayırması real görünmədiyindən, qəzetlərə ayrılan pulun müəyyən hissəsi onlayn KİV-lərə verilməlidir. Onlayn KİV nümayəndələri hesab edirlər ki, heç bir özəlliyi olmayan, barmaqla sayılası qədər oxucusu olan qəzetlər saytların xəbərlərini kopyalayıb tirajlamaqla dövlətdən pul alırsa, bunun qarşısı alınmalıdır.
Parlament Jurnalistləri Birliyinin (PJB) sədri, tanınmış jurnalist Elşad Eyvazlı hazırda qəzet dövrünün bitdiyini deyib. Onun sözlərinə görə, üzdə görünən qəzetlər gözlərini saytlara dikməklə məşğuldurlar.
“İndi hər kəsin əlində telefonu var və onun vasitəsilə saytlardan xəbərləri oxuyurlar. Belə demək olarsa, bizim qəzetçilər tənbəlləşib. Bir çoxu saytlara gözlərini dikib və onların materiallarını verir. Belə qəzet kimə lazımdır? Dünya ölkələrindən fərqli olaraq ölkəmizdə vəziyyət başqadır. Azərbaycanda hər hansı bir sayt hansısa qəzetin materialını götürürmü? Elə bir şedevr yazı olmur ki, həmin yazı saytların manşet xəbərlərində olsun. Demək olar ki, bizim qəzetçilərimiz yorulublar və saytların arxası ilə gedirlər”.
E.Eyvazlı hesab edir ki, qəzetlərə ayrılan vəsait pulu “göyə sovurmaq” kimi bir işdir: “Dövlətin ayırdığı vəsaiti dövlətçiliyimizin, ölkənin və medianın inkişafı üçün istifadə etmək lazımdır. Əflatun Amaşovun Milli Məclisdə qaldırdığı məsələnin tərəfdarıyam. Onlayn mediaya diqqət artırılmalıdır. Ölkədə baş verən iqtisadi problemlər mediadan da yan keçmir. Qəzetlər üçün ayrılan vəsaitdən onlyan media da öz payını almalıdır”-deyə jurnalist vurğulayıb.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə qəzetlərə ayrılan vəsaitin saytlara verilməsinin tərəfdarı olmadığını deyib: “Dövlətin qəzetlərə ayırdığı maliyyə yardımı ikiyə bölünsə, problemlər daha da artacaq. Təklifim ondan ibarətdir ki, ənənəvi media ilə yanaşı onlayn medianın da maliyyələşdirilməsi üçün vəsait ayrılmalıdır. Bu reallaşarsa onlayn KİV-lərin inkişafı sürətlənə bilər”.
1 049 dəfə oxundu