Xocalı soyqırımının qurbanları yad edildi - Tərtərdə
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə Tərtər rayonunda silsilə tədbirlər keçirilmişdir. Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrayon məktəbliləri arasında futbol və voleybol yarışları keçirilmiş, “Xocalı fəryadı” mövzusunda inşa yazı və rəsm müsabiqələrinə yekun vurulmuşdur. Fevralın 26-da isə Xocalı şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə umumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə tərtərlilər Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxudu. Sonra tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoydular, Xocalı soyqırımına həsr olunmuş məktəblilərin rəsm sərgisinə baxdılar. Sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirildi.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi – Xocalı qırğını baş verdi. Bəşər tarixində daim işğalçılıq siyasəti ilə yaşayan, tarixə öz şərəfsiz imzalarını atmış erməni quldurları öz məslək və əqidə dostları ilə birlikdə həmin gecə Xocalını qan içində boğdular. Bu faciə dünyada baş verən Xatın, Sonqmi, Ruanda kimi soyqırımlardan da faciələrin ən dəhşətlisi idi. Bu dəhşət əliyalın, günahsız camaata qarşı çevrilmişdi. Bu tək Xocalıya qarşı genosid yox, türkçülüyə qarşı erməni daşnaklarının qəddar aksiyası idi.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsülları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Xocalının işğalı zamanı 11500 nəfərdən çox əhalinin bir gecədə 613 nəfəri, o cümlədən 83 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca xüsusi amansızlıqla, insanlığa yaraşmayan vəhşiliklə, işgəncələrlə öldürülmüş, boğazlarına məftil salınıb avtomaşınlara qoşularaq çöllər boyu sürüklənmiş, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmiş, bədənlərinə qızdırılmış dəmir basılmış, asılmış, diri-diri üstünə benzin tökülərək yandırılmışdır. Xocalıda 9 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər 2 valideynini, 150 uşaq bir valideynini itirmiş, 500-ə yaxın adam yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Xocalı faciəsinin canlı şahidi olan fransız jurnalisti Jan-İv Ginet yazırdı: “Mən müharibələr barədə, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.
Azərbaycanlılara qarşı bu cür dəhşətlər, soyqırım törətmiş daşnaklar utanmadan dünya ictimaiyyətinə güya türklərin ermənilərə qarşı törətdikləri hansısa uydurma “Soyqırımı” tanıtmağa çalışırlar.
Təəssüf ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar hələ də onların bu özbaşınalığına göz yumur. Zaman-zaman davam etdirilən və məkrli siyasət nəticəsində azərbaycanlılar əzəlı torpaqlarından, dədə-baba yurdlarından qovuldular, didərgin salındılar, milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş vəhşiliklər bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirlər. Lakin hiyləgər düşmən məqsədlərinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Bu ağır faciənin baş verməsinə o dövrdə respublika daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O zamankı iqtidarın siyasi savadsızlığı, ümummilli mnafelərə zidd mövqeyi Xocalı faciəsinin törədilməsində az rol oynamаmışdır.
Müxalifət qüvvələri isə həmin dövrdə ümumxalq müsibətindən hakimiyyətə gəlmək üçün əlverişli vasitə kimi istifadə etdilər. Xocalı soyqırımı baş verən anda müxalif mövqedə dayanan AXCP-Müsavat cütlüyü xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəldikləri üçün faciənin qiymətləndirilməsində maraqlı olmadılar.
Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsinə nail olundu. Faciənin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün tədbirlər görüldü. Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Ulu Öndərimiz Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu nəzərə çatdıraraq baş vermiş fəlakəti belə dəyərləndirmişdir: Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, etdiyi cinayətlər nəticəsində və hətta belə deyə bilərəm ki, xəyanətləri nəticəsində olubdur. Ona görə də biz bu soyqırımı pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik. Bu cinayətlər də, bu xəyanətlər də göz qabağındadır.
Ötən illərdə olduğu kimi bu il də rayonumuzda xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 24-cü ildönümünü böyük ürək ağrısı ilə qeyd edirik. Bu münasibətlə rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və digər idarə və təşkilatlarda çoxsaylı tədbirlər-xatirə gecələri, fotosərgilər və s. keçirilmişdir. Keçirilən tədbirlərdə Xocalı qurbanlarının unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilmişdir. Fevral ayının 26-sı günü rayonun ümumtəhsil müəssiələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur.
Xocalı faciəsinin canlı şahidi olmuş 9 ailə, 38 nəfər Xocalı sakini hazırda rayonumuzun 6 kəndində müvəqqəti məskunlaşmışlar. Hər bir Xocalıya rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir. Xocalı faciəsi bizim hamımızın dərdimiz, kədərimiz, qəmimizdir. Bu faciəni unutmağa heç birimizin haqqı yoxdur. Möhtərəm Prezidentimiz zati-aliləri İlham Əliyev cənablarının apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə getdikcə daha geniş məlumatlandırılır. Bu gün Xocalı faciəsi dünyanın ən böyük dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, onun təfərrüatları ictimaiyyətə açıqlanır.
Xocalı soyqırımın tanınması istiqamətində Heydər Əliyev Fondunun xidmətləri də ölçüsüzdür. Məhz Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı, YUNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyası həyata keçirilir. Azərbaycan gənclərinin xüsusilə fəallığı ilə müşayiət olunan kampaniyalar dünyanın müxtəlif güşələrində Xocalı soyqırımı barədə həqiqətlərin yayılmasında, beynəlxalq ictimaiyyətin diqqətinin erməni təcavüzkarlığının ağır nəticələrinə cəlb edilməsində mühüm rol oynayıb. Biz hamılıqla dövlətimizin başçısının ətrafında sıx birləşərək doğma Azərbaycanımızın qarşısında duran məqsədlərin həyata keçməsi, o cümlədən Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olmalıyıq. 24-cü ildönümü tamam olan Xocalı soyqırımı qurbanlarının unudulmaz xatirəsi bizi öz mübarizəmizdə daha mətin, daha cəsarətli, daha inadkar olmağa ruhlandırır. Erməni daşnaklarının vurduğu ağır yaraları sağaltmaq üçün milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirməliyik.
Sonra rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Elxan Ələkbərov, “Xocalı fəryadı” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Briliyant Hacıyeva, Xocalı sakini Aslan Cabbarov çıxış edərək o günlərin dəhşətli xatirəsini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin sonunda “Xocalı fəryadı” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə diplomlar təqdim olundu.
Sonra rayon mədəniyyət evinin hazırladığı “Xocalım, ay Xocalım” adlı kompazisiya nümayiş etdirildi.
Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlandı. Xocalı ailələrinə ərzaq və maddi yardım göstərildi.
949 dəfə oxundu