Azərbaycanda qadınlarla bağlı maraqlı statistika

Azərbaycanda qadınlarla bağlı maraqlı statistika


Bu il yanvarın əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870,0 min nəfərini qadınlar təşkil edib. 2015-ci ildə doğulmuş 166,2 min körpənin 46,8 faizi qız uşaqları olub. Dövlət Statistika Komitəsindən Avropa.info-ya verilən məlumata görə, qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 21 uşaq gətirir. Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52,0 faizi, həkimlərin isə 65,0 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.

Milli Məclisdə qadın deputatları sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,9 faizə çatıb. İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5 min 236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2008-ci ildə onların sayı 6 min 187 nəfər olduğu halda, 2015-ci ildə 8 min 521 nəfərə çatıb. Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...