Azərbaycana gələn əcnəbilərin sayı 8,4% azalıb
Dövlətstatkom 2014-cü ildə Azərbaycana gələn əcnəbilər və xaricə gedən Azərbaycan vətəndaşları barədə statistikanı açıqlayıb. Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 8,4% azalıb. Bu, əsasən Rusiya vətəndaşı olan soydaşlarımızın maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır.
Ötən il Azərbaycana 2 mln 297,8 min əcnəbi gəlib. Bu, 2013-cü ildəkindən 211 min azdır. RF-dən Azərbaycana 843,8 min nəfər gəlib. Bu, əvvəlki ildəkindən 60 min azdır. 0,5 mln etnik azərbaycanlı yaşayan Gürcüstandan ölkəmizə 699,5 min nəfər gəlib. Bu, 2013-cü ildəkindən 110,9 min azdır.
Cəmi RF, Gürcüstan, Türkiyə və İranın payına 1,6 mln turist düşür. Maraqlıdır ki, 2013-cü ildə turistlərdə bu ölkələrin payı 87,5% (1 862,8 min nəfər) idisə, ötən il 74% (1,6 mln) olub. Başqa sözlə, xarici turistlərin coğrafiyası başqa ölkələrin hesabına genişlənib. DSK turist kateqoriyasına 2 159,2 min nəfəri (+1,4%) daxil edib. Bunun 670,5 mini (+3,3%) Azərbaycana biznes və işgüzar iş üçün, 709,9 min (0,6%) istirahət və əyləncəyə gəlib. Qohum və dostalrın yanına 677,1 min əcnəbi gəlib. Bu, bir il öncəkindən 0,5% çoxdur.
DSK-nın hesablamasına görə, ötən il turistlər Azərbaycanda 1 mlrd 281,2 mln манат (adama 593 manat, +3 manat) xərcləyib. Bu, 2013-cü ildəkindən 2,1% çoxdur. Nəqliyyat üçün 43,9%, yerləşdirmə üçün 28,2%, qidalanma üçün 22,2% və s xərclənib.
Ötən il 4 244,3 min Azərbaycan vətəndaşı xaricə gedib. Səfər intensivliyi 1% azalıb. Turizm xidməti xərcləri 1 mlrd 888,5 mln manat olub. Bu, 2013-cü ildəkindən 1,4% çoxdur.
1 363 dəfə oxundu