Jurnalistə hökm oxundu
Bu gün Yasamal Rayon Məhkəməsində məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmədə təqsirləndirilən "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərlinin cinayət işi üzrə məhkəmə başa çatıb.
Report-a istinadən bildirir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Cəfərli 4 il 6 ay şərti azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək Ş.Cəfərlinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Ş.Cəfərli Cinayət Məcəlləsinin (CM) 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunub.
O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 3 il şərti azadlıqdan məhrum edilib. Ş.Cəfərli CM-nin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. Ş.Cəfərli hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 540 manat ödəyib. O, qalan məbləği ödəmədiyinə görə ötən ilin mart ayının 5-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Ş.Cəfərli barəsində C.M-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. O, bu ilin fevral ayında isə 500 manat cərimələnib.
943 dəfə oxundu