Bakıda jurnalist evinə basqın: döyüldü və pulu aparıldı
Bakıda güney azərbaycanlı fəal, GünAz TV Bakı studiyasının rəhbəri Araz Obalının (Əlirza Yusifi) evinə şübhəli basqın olub.
Özlərini kabel internet televiziyasının əməkdaşı kimi təqdim edən iki naməlum şəxs, kirayədə yaşayan Araz Obalını döyərək təxminən 5000 manat pul, mobil telefon, 2 ədəd noutbuk, bir qızıl üzük, bankomat kartı, maşın açarı və hələlik dəqiqləşməyən bir çox qiymətli əşyalar aparıblar.
A.Obalı zərərçəkən şəxs kimi mayın 25-i saat 20 radələrində baş verən hadisə ilə bağlı GünAz TV mətbuat mərkəzinə bunları deyib: “Mən evə gələrkən liftdən çıxdığım zaman blokda iki şəxslə rastlaşdım. Onlar məni görüncə özlərini kabel internet televiziyasının əməkdaşı kimi təqdim edib dedilər ki, internet istəyirsən? Mən onlara “xeyr” cavabı verib qapıya yaxınlaşdım. Evə daxil olduqdan sonra qapını bağlamaq istədiyim zaman qəflətən içəri soxuldular. Evə soxulan naməlum şəxslər başıma tapança tuşlayıb məni təhdid etdilər. Onlar ilk öncə başıma tapançanın qundağı ilə zərbə vurub, sonra məni boğmağa çalışdılar. Bu arada onların 3 nəfər olduğunu hiss etdim. Bundan sonra məni divana tərəf sürüyüb, orada boğmağa çalışdılar. Üzümə yasdıq qoyub, hədə-qorxu ilə dedilər ki, səsini çıxartma! Bu anda evi axtarmağa başladılar. Onlar evin hər yerini axtarıb, nə varsa ortalığa tökdülər. Bu arada mənə dedilər ki, “biz sənin burada tək olduğuvu bilirik, səsini çıxartma, öldürərik, qanın batar. Biz gedəndən sonra polisə xəbər verməməlisən, əks halda səni öldürəcəyik”.
Onlar istədiklərini almaq üçün mənə qarşı hədə-qorxu gəlib, ağır zərbələr vurmağa davam etdilər. Qolumu skoçla bağlayıb, belimə ağır zərbələr endirdilər. Bir tərəfdən də ağzıma yasdıq qoyub sıxırdılar. Bu arada mən nəfəs ala bilmədiyimdən boğulmaq və huşdan getmək üzrə idim... Məndən pul tələb edib, evi dönə-dönə axtardılar. Sonda təxminən 5000 manat pul, 1 mobil telefon, 2 ədəd noutbuk, bir qızıl üzük, bankomat kartı, maşın açarı və hələlik dəqiqləşdirmədiyim bir çox qiymətli əşyalar götürdülər. Bundan sonra ayaqlarımı və ağzımı da bağlayıb getdilər. Mənə dedilər ki, 15 dəqiqə sonra durarsan. Mən əl, ayaq və ağzı bağlı şəkildə qaldım və balkona tərəf sürünməyə başladım. Sonra ətrafdakı insanlara bağıraraq yardım istədim. 10-15 dəqiqə sonra qonşular polisə xəbər verib, yardıma gəldilər. Hadisə yerinə gələn polis bir sıra suallar soruşub və hadisə ilə bağlı araşdırmalara başlatdı”.
A.Obalı həmçinin bildirib ki, evə basqın edənlərin sifəti ona tanış gəlib və onun zənninə görə, basqınçılar belə bir basqını törətmək üçün planlı şəkildə fürsət axtarıblar. Lakin bundan öncə evdə digər şəxslərin olduğuna görə basqınçılar üçün əlverişli fürsət yaranmayıb.
Hadisədən sonra ağır vəziyyətdə olan A.Obalı xəstəxanaya çatdırıldığını bildirib.
Onun ağız və dodaq nahiyyəsinə çoxlu tikiş vurulub. Zərərçəkənin üz nahiyəsi, xüsusilə də burun və dodaqları şişib və dişi qırılıb...(strateq.az).
1 435 dəfə oxundu