Yarım milyon insanın ABŞ-dan Qarabağ tələbi...
Ağ Evdə açılan petisiya hansı reallıqları üzə çıxardı; indi söz ABŞ-ındır...
Müasir dünyanın yaşam şərtləri ciddi surətdə dəyişdiyi kimi, siyasi, ideoloji mübarizə, təbliğat metod və mexanizmləri də tamamilə fərqlənir. Əgər illər öncə belə demək mümkünsə, gizli fəaliyyətlər, səhnə arxası proseslər effekt verirdisə, bu gün onlar elə də ciddi əhəmiyyət kəsb etmir.
Zəmanəmizin savaş, mübarizə üsulları hətta cəmi 5 il öncə ilə eyni deyil. Artıq şüurlara bunu həkk etmək, insanların bu reallıqları qəbul etməsi gərəkir. Əks təqdirdə, biz yenə də uduza bilərik. 10-15 il sonra çevrilib geri baxanda yenə də görərik ki, Mirzə Ələkbər Sabir demişkən, camaat ...fil boyda iş görür, biz hələ də siçan boyda işlərin peşinə düşmək zorundayıq...
Müşahidələr göstərir ki, çağdaş dövrümüzün ən güclü silahı informasiyadır. Əlbəttə, söhbət informasiyanı, doğruları ünvanına çatdırmaqdan gedir, boşuna güllə atmaqla nəsə əldə etmək mümkünsüzdür. İndi informasiyanı, həqiqətləri lazımi instansiyalara çatdırmaq üçün bəlli qaydalar formalaşdırılıb. Bu gün informasiya savaşı, təbliğat ənənəvi media ilə yanaşı, sosial şəbəkələr üzərindən aparılır. Təsadüfi deyil ki, dünya liderləri, prezidentlər, beynəlxalq qurumların rəhbərləri, Ağ Ev rəhbərliyi ilkin informasiyanı tvitter, facebook üzərindən paylaşırlar...
Həqiqətlərin çatdırılması, onlara reaksiyalar alınması üçün isə daha dövlətlərarası yazışmalar, məktublaşmalar, fakslaşmalar və s. kimi metodlar ya tarixin arxivinə göndərilib, ya da onlara ciddi önəm verilmir. Artıq haradasa kütləvi aksiya keçirmək metodu da lazimi effekt vermir, ona reaksiyalar yetərli olmur. Müasir dövrümüzün öz təşviqat forması ərsəyə gəlib və indi ona ciddi yanaşılır. Beynəlxalq medianı izlədikdə bunu daha aydın görmək olur ki, hansısa diplomatik uğur əldə edilməsi, problemin çatdırılması, həlli üçün petisiya açılır, fakt və tələb orda qoyulur, nəticə əldə edilir. Yüzlərlə belə nümunə var.
Ağ Evin rəsmi internet səhifəsinə nəzər salanda görəcəyik ki, burada yüzlərlə petisiya açılıb. ABŞ-da, dünyanın müxtəlif yerlərində olan problemlər burada qısa şəkildə qoyulur, insanlar bu petisiyaya səs verir, əgər yetərsay olursa, məsələyə ABŞ prezidenti (indiki halda Barak Obama) səviyyəsində reaksiya verilir və Birləşmiş Ştatlar qoyulan məsələnin həlli üçün səylər göstərmək zorunda qalır. Çünki bunu yüz minlərlə insan tələb edir. Petisiyalar vasitəsi ilə beynəlxalq aləmdə çox ciddi problemlər aradan qaldırılır...
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan Ağ Ev Administrasiyasının internet resursunda qurumun prezidenti, deputat Elxan Süleymanovun imzası ilə “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya açılıb. Bu bir ay müddətində çox uğurlu bir kampaniya aparılıb və tələb olunan 100 min səs əvəzinə petisiyaya mayın 4-dək 315 minə yaxın insan səs verib. Qarşıdakı iki gündə isə səsimizin 400 minə yaxınlaşacağı şübhəsizdir. Layihədə iştirakçı olduğumdan bir məqamı da bilirəm ki, əslində, petisiyaya mayın ilk günlərindək həm Azərbaycandan, həm Türkiyədən, həm dünyanın müxtəlif ölkələrindən yarım milyondan çox insan səs verib. Ancaq çox təəssüflər olsun ki, Ağ Evin internet resursu kiçik texniki səhvlər olan səsləri (məsələn, poçt indeksinin düzgün yazılmaması, ərazinin düzgün göstəriıməməsi, e-mailin işlək olmaması və s.) qeydə almayıb. Ciddi rəqəmdir: qeydə alınmayanlarla birlikdə yarım milyon, rəsmiləşdirilən rəqəmlərdə isə 400 minə doğru irəliləyən sayda SƏS - insan Amerikadan, Barak Obamadan Azərbaycanın haqq səsinə, işğal faktına biganə qalmamağı tələb edir. Mümkünsüzdür ki, buna reaksiya verilməsin, nəticə olmasın...
Petisiya ilə bağlı bir incə məqama diqqət etmək lazımdır. Müraciətin mahiyyəti ümumi şəkildə hər kəsə bəllidir – Qarabağ məsələsi. Ancaq burada çox fərqli bir nüans var: Obamaya ünvanlanan müraciətdə qoyulan tələblər şifahi bir fikirlər deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi rəsmi şəkildə təsbit olunan bir sənədə - Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsinə dəstək tələbidir.
Həmin sənəddə ilk dəfə olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi aydın şəkildə göstərilib. Bundan başqa, Obamaya – Amerika Birləşmiş Ştatlarından Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı edilir.
Ağ Ev administrasiyasından AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.
Obama administrasiyası dünyanın ən ciddi qurumlarından olan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi sənədi ciddiyə almaya bilməz. Bu onun özünün qeyri-ciddiliyi olardı! Əgər ABŞ bu məsələdə susarsa, hansısa addımlar atmazsa, bu onun təkcə Azərbaycana münasibəti kimi deyil, həm də AŞPA-ya münasibəti kimi qiymətləndirilə bilər. Bu baxımdan petisiya layihəsində AŞPA qətnaməsinə istinad edilməsi uğurlu texnologiyadır...
Digər bir əhəmiyyətli məsələ isə odur ki, bu gün dünyadakı prosesləri idarə edən qüvvənin ABŞ olması kimsəyə sirr deyil. Bu səbəbdən Ağ Evdən faktlara söykənərək, ən əsası AŞPA sənədinə istinadla istənilən dəstək olduqca mühümdür.
Bu bir ay müddətində biz sübut etdik ki, haqq səsimizi dünyaya çatdırmaq, müasir texnologiyalardan istifadə etməkdə aciz deyilik. 100 min səs istədilər, yarım milyondan çox olduq! İndi söz ABŞ-ındır, Obamanındır...
892 dəfə oxundu