Türkiyəyə "casusluq edən" erməni qadınlar
Türkiyəyə gedən erməni qadınlar alverçi kimi gedib, kəşfiyyatçı kimi geri qayıdırlar. ANS-in məlumtına görə, bu iddianı Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəis müavini Qurgen Yeqizaryan səsləndirib.
Yeni yazdığı “Qurd qovşağı” kitabından danışan Qurgen Yeqizaryan kitabda 27 oktybar 1999-cu ildə Ermənistan parlamentində spiker Karen Demirçyanın güllələnməsindən bəhs etdiyini bildirib: "Mənim fikrimcə, bu, Türkiyə kəşfiyyatının işidir. Çünki Ermənistanda Demirçyan kimi adam sevilən şəxs olmamalı idi, hər şey onun əleyhinə idi".
Kitabında Karen Demirçyanın adını dəyişdirdiyini söyləyən Qurgen Yeqizaryan Türkiyə və Azərbaycan kəşfiyyatının Ermənistanda güclü fəaliyyət göstərdiyini söyləyib: "Məni düşmən qarşısında çılpaq qalmış vətənim narahat edir, son müharibə bunu sübut edir. Siz bilirsiniz, bizim qadınlar alver üçün Türkiyəyə gedirlər, amma ordan kəşfiyyatçı kimi qayıdırlar. Bu necə baş verir, özünüz kitabımda oxuyacaqsınız. Əgər mən öz kitabımla heç olmazsa bir erməninin agent olmasına mane ola bilərəmsə, deməli, kitabım alınıb".
Amma Ermənistandakı ağır vəziyyətlə yaxından tanış olan insanlar anlayır ki, kitab alınmayıb. Müəllif özü də yaxşı bilir ki, Ermənistandan kənara qaça bilməyən qadınların həyatı o qədər ağırdır ki, onlar hər şeyə getməyə hazırdırlar. Erməni mətbuatı bu barədə sussa da, Rusiya KİV-lərinin təmsilçiləri kənd yerlərindən yaşayan erməni qadınların həyatın çətinliyi ilə təkbaşına üz-üzə qaldıqlarını bildirirlər.
Rus jurnalistlər Ermənistanda olan 800-ə yaxın kəndi kişisiz ərazi elan ediblər, 300-ə yaxın kənddə artıq qadınlar da qalmayıb, yalnız icra hakimiyyəti nümayəndələri və onların xanımları aldıqları maaş qarşılığında kəndlərdə otururlar. Kənd sakinləri isə çoxdan qapılarını bağlayaraq ailəlikcə Rusiyaya köçüblər.
Rusiyalı sənədli film rejissoru Aleksey Şutov bu ilin əvvəlində Ermənistanın İrəvan və Gümrü şəhərlərinin arsında yerləşən Aparan kəndində olaraq ərləri Rusiyaya getmiş tənha erməni qadınların həyatı ilə maraqlanıb.
Aleksey Şutovun dediyinə görə, kənddə cəmi 4 kişi var və onlar da icra hakimiyyətində işləyirlər. Bir neçə evdə yaşlı kişilərə də rast gəlmək olur, onlar o qədər qocadırlar ki, Rusiyaya qazanc dalınca gedə bilməyiblər, uyğun olaraq təsərrüfat işlərində də işləyə bilmirlər. Buna görə də erməni qadınlar təkbaşına əkin-biçinlə ailəni dolandırmalıdırlar. Bu isə çox çətindir, üstəgəl qadınlar ev işləri görüb uşaqlara da baxmalıdırlar.
Təbii ki, belə olan halda, erməni qadınlar ən ağlagəlməz üsullardan istifadə edirlər. Məsələn, Ermənistanın Araqatsyun vilayətinin Aruç kəndinin sakini olan qadın öz bir aylıq körpəsini 5 min dollara Ararat rayonunun Taperakan kəndinə satmışdı. Erməni mətbuatı qadının bu addımı evdəki 3 uşağını dolandırmaq üçün atdığını yazır.
Belə olan şəraitdə Ermənistan hakimiyyətinin keçmiş təmsilçisi hansı məntiqlə Türkiyəyə alver üçün gedən qadınların Türkiyə kəşfiyyatına işləməsindən danışa bilər? Ermənistanda azərbaycanlılarla ermənilərin mehriban yaşadığı bir dövrdə rəhbər olmuş, bu mehribanlığı təmin etmək üçün çox iş görmüş Demirçyanın populyarlığı başa düşüləndir.
Rusiyada qonşusu olmuş azərbaycanlılarla görüşən Ermənistan erməniləri bərəkətin və ruzinin 1988-də qaldığını dəfələrlə vurğulayıblar. Yəni sadə ermənilər şüuraltı şəkildə türksüz Ermənistanda çörək olmadığı qənaətinə gəliblər. Qurgen Yeqizaryan məhz qənaətin Türkiyə kəşfiyyatının işi olduğunu iddia edir. Halbuki, bir qədər güzgüyə baxsa idi monoetnik respublika yaratmaqla Ermənistanda son 200 ildə formalaşmış çox ukladlılığı məhv etməyin günahını özlərində axtarmalı idi.
835 dəfə oxundu