Deputat döyülən jurnalistləri günahlandırdı
“Hər hansı bir media qurumunun iaşə obyektlərində yoxlama aparmaq ixtiyarı yoxdur. Bununla bağlı çəkiliş öncədən obyekt rəhbərliyi ilə razılaşdırılmalıdır”. Bunu AzVision.az-a millət vəkili Musa Quliyev ATV-də yayımlanan “Yoxlama” verilişinin əməkdaşlarının restoranda çəkiliş apararkən döyülməsinə münasibət bildirərkən deyib. Deputatın fikrincə, sahibkarın mülkiyyətinin toxunulmazlıq hüququ var: “Obyektlərdə yoxlama aparmaq üçün dövlət qurumları var. Bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin yoxlayıcı orqanlara şikayət daxil olubsa, şikayət əsasında bu qurumla birlikdə həmin obyektdə çəkiliş aparmaq olar”.
M.Quliyev diqqətə çatdırıb ki, prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlıq sahələrində yoxlamalar iki il müddətinə dayandırılıb. “Sahibkarların işlərinə əsassız müdaxilələrin və əngəllərin aradan qaldırılması ilə əlaqədar yoxlamalar dayandırılıb. Bu baxımdan həmin televiziya orqanına vətəndaşlar tərəfindən hər hansı bir şikayət daxil olubsa, müvafiq yoxlayıcı orqanla birlikdə çəkiliş aparmaq olar. Özbaşına yoxlama aparmaq düzgün deyil. Bu KİV haqqında qanunun tələblərinə uyğun deyil”.
Qeyd edək ki, iyunun 4-də ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki (Bakıdan 116 kilometr qərb) “Şamaxı” yeməkxanasında çəkiliş apararkən insident baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yeməkxananın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.
Faktla bağlı cinayət işi açılıb.
939 dəfə oxundu