Azərbaycandan Həccə gediş-dönüş marşrutu dəyişdi

Azərbaycandan Həccə gediş-dönüş marşrutu dəyişdi


Azərbaycandan bu il Həccə gediş-dönüş marşrutu və ziyarətin qrafiki dəyişdirilib.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq bu dəfə səfərlər Bakı-Ciddə-Mədinə-Məkkə marşrutu üzrə yox, birbaşa Məkkəyə olacaq və zəvvarlar Məkkədə tələb olunan əməllər icra etdikdən sonra Mədinəyə yollanacaqlar. Geri qayıdış da Məkkədən olacaq.

Dəyişikliyin səbəbi ötən il ziyarət zamanı baş verən faciələr və zəvvarların ziyarətə uçuşu zamanı yaranan problemlərdir.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...