Azərbaycanda 60 yaşdan yuxarı əhalinin sayı artıb
Dövlət Statistika Komitəsinin açıqladığı son üç ilin göstəricilərinə əsasən, 2013-2015-ci illərdə respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artan dinamikası müşahidə edilir.
Trend-in məlumatına görə, bunu Ş.Həsənov adına "Sağlamlıq Zonası" Sağalma və Reabilitasiya Poliklinikasının baş həkimi Məsməxanım Məcidova bu gün keçirdikləri tədbirdə deyib.
Onun sözlərinə görə, artım dinamikası xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir.
M.Məcidova bildirib ki, 2013-cü ildə orta ömür həddi 74.2 olubsa (kişilər 71.6, qadınlar 76.8), 2015-ci ildə bu göstərici 75.2-dir (kişilər 72.7, qadınlar 77.6): "Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb. Tibdə əldə olunan nailiyyətlər - uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyaların aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub. Qocalıqla mübarizə, ömrün uzadılması, aktiv uzunömürlülüyə nail olmaq probleminin həlli ilə məşğul olan elm-Herontologiya elmi özündə bir neçə istiqaməti birləşdirir. Həmin istiqamətlərdən biri də heriatriya bölməsidir ki, bu da yaşlı insanlarda xəstələnmə hallarının xüsusiyyətlərini öyrənən bölmədir".
M.Məcidova əlavə edib ki, ölkədə ahıllarda daha çox xroniki xəstəliklərə rast gəlinir.
Baş həkimin sözlərinə görə, ahıllar arasında əlilliyə gətirib çıxaran bir çox xəstəliklər var: "Ona görə də reabilitasiya tədbirləri həyata keçirilməlidir. Amma təkcə uzunömürlülüyü artırmalı deyilik. Elə etmək lazımdır ki, onlar uzunömürlü olub özlərini cəmiyyətə bir yük hesab etməsinlər. Daha aktiv həyat şəraiti sürməklə aktiv uzunömürlülüyə nail olsunlar".
937 dəfə oxundu