“Mirşahinin üzrü günahından da betərdi” - MTRŞ sədrinin müavini
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev İctimai Televiziyanın efirində yayımlanan “Aktual mövzu” proqramında ANS-in bağlanmasından danışıb.
GUNDEMİNFO.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Q. Cəbiyev ANS-in efirində ilkin olaraq saat 00:05-də Türkiyədə baş verən hadisələrlə bağlı süjet getdiyini xatırladıb:
““Xəbərçi” proqramında bildirildi ki, Türkiyə prezidenti Ərdoğan artıq istefa verib. Saat 7:00-da Mirşahin efirə qoşuldu. Onun şərhində Ərdoğanla bağlı kəskin ifadələr işlənildi. Belə çıxdı ki, baş verən hadisələrdə Türkiyə hökuməti günahkardır. Sonda ona gətirdi ki, əgər Ərdoğan bu hadisələrdən özünü qoruyub saxlaya bilsə , onun yerində olsa istefa verər.
Mirşahin Ağayev açıqlamasında Fətullah Güləndən müsahibə götürülməsinin səhv addım olduğunu etiraf edib, üzr istəyib. Amma hadisə baş verəndən ANS-in efiri terrorçuların təbliğinə çevrilmişdi. Artıq Türkiyədə terrorçular həbs olunub. İndi Mirşahin müəllim deyir ki, üzr istəyirik. Bu halda xalq arasında olan bir deyim yada düşür. Üzrü günahından da betər. Hadisələrə aydınlıq gələndən, günahkarlar cəzalanandan sonra üzr istəməyə nə var? Mirşahin müəllim və ANS telekanalının rəhbərliyi bilmirmi ki, Fətullah Gülən kimdir? Axı Türkiyə məhkəməsinin rəsmi qərarı ortada idi ki, Fətullah Gülən, nurçular kimdir? ANS-in efirində o informasiyalar gedəndə artıq gülənçilər bir-birini sosial şəbəkələrdə təbrik edirdilər. Əlbəttə, heç xoş olmayan bir haldır. Biz bir millət, iki dövlətik. Bizim hər zaman Türkiyədən gözləntilərimiz olub. Türkiyə hər zaman Azərbaycana dəstək olub. Azərbaycan da hər zaman ən çətin məqamlarda Türkiyənin yanında olub. Son hadisələr də bunu bir daha göstərdi. Belə bir halda Azərbaycan telekanallarının birinin bu cür mövqedə olması, qeyri-müəyyən informasiyalar yayması xoş deyil”.
892 dəfə oxundu