Azərbaycanda interneti yenə kəsdilər
Dünən saat 16 radələrindən etibarən ölkənin internet təminatında və milli resursların fəaliyyətində problemlər yaranıb. Belə ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr əmələ gəlib və Delta Telecom-un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb.
Virtualaz.org bildirir ki, bu barədə öz facebook səhifəsində Azərbaycan İnternet-Forumunun prezidenti Osman Gündüz yazıb.
Onun sözlərinə görə, internet təminatı qısa müddətdə həll olunsa da, əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb.
“Delta Telecom şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla , həm də kommersiya şərtləri ilə öz Data Mərkəzinndə saxlayır. Delta Telecom-un və Data Mərkəzin rəsmi internet resursları da hazırda aktiv deyil.
Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, problemlər Delta Telecom-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir”, - deyə O.Gündüz vurğulayıb.
Ekspert onu da qeyd edib ki, onda olan məlumata görə, şirkətin bütün texniki heyəti hazırda iş yerindədir və problemin aradan qaldırılması üçün çalışır.
Xatırladaq ki, ötən ilin noyabrında Delta Telecom-da baş verən qəza ilə əlaqədar Azərbaycanın faktiki olaraq bütün ərazisində internetə giriş bağlanmışdı.
822 dəfə oxundu