Kərəm Məmmədov: “Babək necə dinsiz idi ki, Bəzz qalasında məscidi vardı?”
"Babək məsləyi yolunda ölümə gedən adamdır. Sadəcə ona baxış bucağı fərqlidir. Bu gün Babəkə dinsiz mövqedən baxanlar qoy Əl-Bağdadini oxusunlar. O necə dinsiz idi ki, bu adamın Bəzz qalasında məscidi var idi". Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, tarix üzrə fəlsəfə doktoru, tarixçi Kərəm Məmmədov söyləyib.
O tarixə fərqli baxışın olduğunu deyib: "Tariximizə bir daltonik baxış var. Babək haqqındakı fikirlərin guya Sovet dövründə şişirdilməsi iddiası kökündən yalandır. Çünki Azərbaycan tarixini ilk dəfə elmi əsaslarla yazan şəxs Abbasqulu Ağa Bakıxanovdur. O ki kommunist deyildi, xan nəslindən idi, qoy gedib onun "Gülüstani İrəm"ini oxusunlar. Hətta Bakıxanov deyir ki, Azərbaycan sözünün özünün “AzəriBabəkyan” sözündən törəmə ehtimalı var. Biz necə deyə bilərik ki, Bakıxanov kommunist olub, sovet rejimi dövründə yaşayıb? Tarixdə kimisə bütləşdirmək lazım deyil, mən bunun əleyhinəyəm. İnsan Adəm övladıdır, əgər onun ulu babası yanlışa yol veribsə, təbii ki, o da ulu babası kimi yanlış edə bilər. Babəki pisləyən adamların heç olmasa özləri məsləyi, mədəniyyəti, mübarizəsi baxımından Babək səviyyədədirlərmi? "
Kərəm Məmmədov tarixə bu cür üzdən yanaşanların Şah İsmayıl Xətai barədə də yanlış iddialar irəli sürdüyünü deyib: “Bu gün çox təəssüf ki diletant adamlar Şah İsmayıl Xətai haqqında danışanda İran şiəliyi ilə, qızılbaşlığı eyniləşdirirlər. Bunlar tamamilə fərqli şeylərdir. Bu gün şiəlik dediyimiz məzhəbin özündə 77-yə qədər qol var, elələri də var ki heç onların islamla bağlılığı belə yoxdur, sadəcə adını şiə təriqəti qoyublar. Qızılbaşlıqla İran şiəliyini eyniləşdirmək kökündən yanlışdır. Türk xalqları hamısı qardaşdır. Xətaini qınayırlar ki, türk dünyasını parçalayıb, amma Sultan Səlimin ona qarşı yürüş edəndə türk dünyasını parçaladı demirlər. Sultan Səlim Xətai haqqında deyir ki, "əcəba bu qızılbaş Əfrasiyabmı? Turanımı dirçəltmək istəyir? Bu sözlə o İsmayılın pasportunu verib. Osmanlı mənbələri Xətaiyə sultan, şah demirdi, xaqan deyirdi".
Kərəm Məmmədov qeyd edib ki son dövrlərdə tarixə marağın artması bir tarixçi kimi onun xoşuna gəlir: “Bu, müsbət cəhətdir. Lakin tarixə bir diletant , bir də peşəkar baxış var. Təbii ki, diletant baxışla baxanda həmin şəxsiyyətlər haqqında istədiyin qədər danışmaq olar. Bir də var ki, köklü nəzəriyyələr. Tarix sözü bizə ərəb dilindən keçmə sözdür və olub-keçmişlər deməkdir. Bu olub-keçmişləri müxtəlif formalarda öyrənmək olar. Sovet illərində tarix və tarixə köməkçi fənlər var idi və bəzən elə olurdu ki, tarixə köməkçi fənlərin özü tarixi müəyyən edirdi. Məsələn, köməkçi sayılan arxeologiya, etnoqrafiya, numizmatika elmi var idi. Təbii ki, bunlar tarixin daha real, daha düzgün şəkildə qoyulmasına xidmət edirdi. Bu gün dəbdə olan söz “Azərbaycan tarixi” sözüdür, yəni ərazi tarixi. Ərazi olaraq da daima Azərbaycanın sərhədləri mövzusunda mübahisələr meydana çıxır. Şəxsən mənim üçün üç cür Azərbaycan var: Azərbaycan Respublikasının ərazisi, bütöv Azərbaycan və böyük Azərbaycan. Azərbaycan Respublikasının ərazisi dedikdə tarixi Azərbaycan torpaqlarının şimal-şərq hissəsinin bir hissəsində meydana çıxmış dövlət, bütöv Azərbaycan dedikdə hazırda Azərbaycan türkcəsində danışılan bölgələr və tarixi dövlətlərimizin ərazilərini ehtiva edən torpaqlar nəzərdə tutulur. Böyük Azərbaycan anlayışı daha möhtəşəmdir və ərazi baxımdan Azərbaycan Respublikasının ərazisindən qat-qat böyükdür. Elə bizim də tariximizin öyrənilməsini çətinləşdirən amil bundan ibarətdir”.
Kərəm Məmmədov Azərbaycan tarixinin qonşu xalqların tarixi ilə sıx bağlı, təmasda olduğunu deyib: “Azərbaycan Robinzon Kruzo deyil ki, adada tək yaşaya. Azərbaycan tarixi təbii ki qonşu xalqların tarixi ilə sıx bağlıdır, təmasdadır. Sadəcə olaraq hər hansı tarixə hadisəyə, etnosa baxış fərqi ola bilər. Niyə mən Nadir şah haqqında Lokkartdan oxumalıyam? Məhəmməd Kazımın Nadir şah haqqında 4 cild , Nadirin şəxsi salnaməçisi Mehdi xan Astrabadinin “Tarixi-Nadir” adlı möhtəşəm əsəri var. Çox təəssüf ki biz yüz ildir “Tarixi-Nadir” deyərək o əsərə gülürük. Əslində “Tarixi-Nadir”i yarısına qədər oxumaq böyük bir şeydir, çünki Astrabadinin bu əsəri 4 cilddən ibarətdir. Bu dördcildliyin bir hissəsi "Tarixi Nadir" formasında gedir, o biri hissəsi isə "İnşanamə" adlanır. "Tarixi Nadir" adlanan hissədə daha çox Nadirin Xorasandakı fəaliyyəti, əfqanların, rusların qovulması, Muğan qurultayı öz əksini tapır. "İnşanamə"də isə onun birbaşa həyata keçirdiyi tədbirlər haqqında məlumat verilir. "Təzkirətil mülk" adlı mənbə var ki, Nadir şah barədə neytral mövqe tutub, yaxşını yaxşı, pisi pis təqdim edib. Və ya Əl Xizani adında başqa bir tarixçi əfqan meylli olsa da, əsərində Azərbaycan türklərinin qəhrəmanlığı haqqında reallığı əks etdirib".
Qonaq tarixçilərin Nadir şaha münasibətinin birmənalı olmamasına diqqət çəkib: “Bir məqama diqqət yetirmək lazımdır. Şimali Azərbaycan müxtəlif dövrlərdə Rusiyanın tərkibinə daxil olub. Nadir şah yeganə şəxsiyyət idi ki, Rusiyanın ayağını Qafqazdan kəsmişdi. Belə bir şəraitdə Rusiya icazə verərdimi ki, Nadir şah haqqında müsbət şeylər deyilsin. Tutaq ki, o zaman biz SSRİ-nin tərkibində idik, Nadir haqqında xoş heç nə yazılmırdı. Amma bu gün 9-cu sinif “Azərbaycan tarixi” dərsliyində Nadir şah haqqında belə yazılıb: “O qədər zülmkar idi ki, hətta rəiyyəti belə orduya çağırırdı". Əfrəşiyan adlı adamın fikrini olduğu kimi götürərək dərsliyə atmaq və bu yalanı Nadirin nəvələrinə dedirtmək olmaz. Bu, həmin çar Rusiyası idi ki, 1887-ci ildə Azərbaycan türklərinin orduya çağırılmasını qadağan edib. Nadir şah öz ədalətindən o qədər razı idi ki, rəiyyətə də silah verirdi. "Kotanın sapından tutan əl tüfəngin lüləsindən də tutmalıdır" deyimi məhz Nadir şaha aiddir”.
Kərəm Məmmədov Nadir şahın Azərbaycan tarixində möhtəşəm xidmətləri olduğunu deyib: “
Şərqdə əfqan tayfaları, şimaldan Rusiya, o tərəfdən Osmanlı hərəkətə keçir. Təsəvvür edin ki, əfqanlar, ruslar və Osmanlı üç istiqamətdə yürüş edir və faktiki olaraq Azərbaycanı Fətəli xan Qacar və Nadir şah Əfşar xilas edir. Nadirin fars olması iddiası da kökündən yanlışdır. Adından da görünür ki Nadir şah əfşar tayfasından, bu tayfanın Qırxlar deyilən qolundandır. Ona görə Nadirə Azərbaycanın Napoleonu deyirlər ki, o ilk dəfə artilleriya sahəsində yenilik edib. Topun lülə bucağını qaldırmaqla trayektoriyasını dəyişib. Nadir qələbələrinin əksəriyyətini məhz bunun hesabına qazanıb. Çox qısa bir müddətə Nadir əraziləri xilas edir və təntənəli şəkildə Təhmasibin başına tac da qoyur. Nadirin bağladığı Rəşt müqaviləsi yeganə müqavilə idi ki, ruslar könüllü olaraq hansısa ərazini tərk edirlər. Mənim üçün Azərbaycanı xilas edən adam mühümdür. O filan sülalədən idi, varisi öldürərək taxta keçdi, bunlar önəmli deyil. Bizə sülalə yox, vətən əsasdır. Vətəni qoruyan, xilas edən Nadir heç vaxt öz fərmanlarında özünə Nadir şah deməyib. Onun bir titulu var idi - "Əli qapısının iti". Özünə belə titul götürən adama necə təkəbbürlü demək olar? Nadir şah türk törələrinə o qədər sadiq olub ki, 1200-1500 il keçirilməyən türk törəsini yenidən canlandırıb. İki min qamışdan ev tikdirərək, hər bölgənin inzibati rəhbərini, həm də dini başçısını, ümumilikdə iki min nəfəri bir yerə yığaraq toplantı – Muğan qurultayını keçirib".
Qonaq sonda Azərbaycan tarixinə münasibəti tənqid edib: “Bəziləri deyir ki, filan dövr Azərbaycan tarixinin şanlı dövrü idi. Mən isə deyirəm ki, Azərbaycan tarixinin şansız dövrü olmayıb. Bunun əksini düşünənlərə sübut edərəm ki, tariximizin hər anı şanlıdır”.
868 dəfə oxundu