"Eldar Mahmudov və sizin cinayətkar əməllərinizə qarşı..." - Pərviz Həşimli
Az öncə Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsindən sərbəst buraxılan sabiq vicdan məhbusu Gununsesi.info-ya saxlanması barədə danışıb. Jurnalistin sözlərinə görə, “Gənclik” metro stansiyasının yaxınlığında 14 saylı poliklinika tərəfdə təsadüfən sabiq MTN-nin müavini Hilal Əsədovun həyat yoldaşı və sürücüsü ilə qarşılaşıb. Pərviz Həşimlini tanıyan Nüşabə Əsədova “bir neçə gün əvvəl mənim işdən azad olunmağım barədə yazan jurnalist budur” deyə sürücüsünə onu göstərib.
Pərviz Həşimli də öz növbəsində onun və həyat yoldaşı barəsində məlumat yazdığını təsdiqləyib.
Bundan sonra Nüşabə Əsədova Pərviz Həşimlini təhqir edib: “Hər hansı bir təxribat ehtimalının olmasını nəzərə alıb, baş verənləri dərhal çəkməyə başladım. Məni təhqir etdiyinə görə, ona bir şey deməsəm də, eyni ifadələrə layiq Hilal Əsədovun olduğunu dedim. Bundan sonra Zöhrab adlı sürücüsü (adını bölmədə dəqiqləşdirdim) mənə hücum edib, telefonu istədi. Mən də telefonu vermədim.Mənə hücum etsə də, telefonu verməkdən imtina etdim. Olayı polis gördü və bölməyə gəldik. 4-5 saat orada saxlandıq. Hadisə ilə bağlı Bakı Baş Polis İdarəsinin rəhbərliyinə məruzə olundu. Bir neçə saatdan sonra izahatımız alındı və sərbəst buraxıldıq. Ancaq mənə bildirdilər ki, sabah (bu gün -red.) saat 10-da Nərimanov Polis İdarəsində olum”.
Jurnalistin sözlərinə görə, bölmə ərazisinə sonradan 14 saylı poliklinikanın çoxsaylı həkimləri gətirilib.
Pərviz Həşimli saytımız vasitəsilə Hilal Əsədova da mesaj göndərib: “Azərbaycan qadınının üstünə silah çəkən, körpə uşaqları qorxudan sizin dəstənizdəkilər olub. Sizin həyat yoldaşınızın təhqirlərinə rəğmən susdum. Çünki qadınla mübarizə aparmıram. Mənim sizin ailənizlə hər hansı bir problemim yoxdur. Eldar Mahmudov və sizin cinayətkar əməllərinizə qarşı isə mübarizəmi davam etdirəcəm”.
1 003 dəfə oxundu