"Avropa ölkələri TAP-ın icrasında ləngimənin olmayacağına əmin edirlər" Natiq Əliyev
"Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər qrafikə uyğun olaraq irəliləyir. Heç bir ləngimə yoxdur". Bunu "Report"a açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. "Mütəmadi olaraq Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə işlərin gedişi ilə bağlı görüşlər keçirirəm və məlumatlar alıram. Layihələrin icrasında heç bir ləngimə, hansısa narahatlıq yoxdur. Bütün işlər öz qaydasında icra olunur. Hesab edirik ki, planlaşdırıldığı kimi, 2020-ci ildə ilk qaz Avropaya çatdırılacaq", - deyə nazir qeyd edib.
N.Əliyev həmçinin məsələlərin hamısının Azərbaycan tərəfindən asılı olmadığını vurğulayıb: "Biz əlimizdən gələn edirik. Bilavasitə Azərbaycan olaraq iştirak etdiyimiz "Şahdəniz-2",Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisində heç bir problem yoxdur. Trans-Adriatik Boru Kəməri (TAP) üzrə Yunanıstanda işlər başlayıb, İtaliyada işlər görülür. Onların hökuməti də bizi inandırır ki, bu ölkələrdə layihənin icrasında heç bir ləngimə olmayacaq. Yunanıstanın Saloniki şəhərində keçirilən təməlqoyma mərasimi zamanı da Yunanıstanın baş naziri Aleksis Tsipras bütün dünyaya hökumətin bu layihəni dəstəklədiyini və onun həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklərini bəyan edib".
Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün investisiya xərclərindən də danışan nazir bu məsrəflərin tez-tez dəyişdiyini qeyd edib: "Layihə ilə bağlı yekun investisiya sazişi imzalananda 45 mlrd. dollar civarında investisya nəzərdə tutulurdu. Bu, ilkin rəqəmlər idi. Amma təcrübə göstərir ki, indiyədək həyata keçirilən layihələr üzrə xərclər ilkin nəzərdə tutulan məbləğdə qalmayıb. Çünki bazar həmişə dəyişir. Cənub Qaz Dəhlizi layihəsinin də hazırda xərcləri 5 mlrd. dollar azaldılaraq 40 mlrd. dollar həcmində qiymətləndirilir. TANAP-ın 11-12 mlrd. dollara başa gələcəyi deyilirdisə, son məlumata əsasən, bu rəqəm 2 mlrd. dollar azalıb".
Onun sözlərinə görə, bu, neftin qiymətinin düşməsi ilə bağlı olaraq mal və xidmətlərin ucuzlaşması hesabına olub. Nazir hazırkı rəqəmlərin də son rəqəm olmadığını vurğulayıb: "Bizi nə gözlədiyi bilinmir. Ola bilsin ki, hansısa zəruri işlər lazım olacaq, əvvəl planlaşdırılmamış yeni xərc ortaya çıxacaq. Şübhəsiz ki, biz dayanmayacağıq və bütün xərcləri ödəməliyik. Əsas, layihənin yekunlaşanda neçəyə başa gəlməsidir".
797 dəfə oxundu