Ali Məhkəmə ANS-in məhkəməsini təxirə saldı

Ali Məhkəmə ANS-in məhkəməsini təxirə saldı


Xəstə olduğu deyilən Mirşahin Ağayev sağaldı və məhkəmə prosesində iştirak etdi. Sentyabrın 8-də ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un prosesdə iştirak edən əməkdaşının məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələrinin orderlərinin olub-olmaması müəyyənləşdirilib və iş icraata götürülüb.
Məhkəmə prosesi 15 sentyabr saat 12:00-a təyin olunub.

Daha sonra jurnalistlərə açıqlama verən şirkətin prezidenti Vahid Mustafayev bildirib ki, prezident, Ali Baş Komandan İlham Əliyevə inanırlar və nəticənin yaxşı olacağına ümid edirlər: “Biz də öz növbəmizdə bu məsələni hüquqi yolla həll etməyə çalışırıq”.

Vahid Mustafayev prosesləri işıqlandırdıqları üçün jurnalistlərə təşəkkürünü də bildirib: “Gördüyünüz kimi, bütün ANS-in əməkdaşları bir nəfər kimi bura yığışıb. Ona görə ki, ANS bir kollektiv olaraq, Ali Məhkəmənin bu uzanan məsələ üzrə ədalətli qərar qəbul edəcəyinə və ANS-in öz yayımını bərpa edəcəyinə inanır. Mən siyasətçi deyiləm, əsgərəm və Ali Baş Komandana tabeyəm. O isə bir prezident olaraq ölkədə qanunlar və konstitusionallığın təminatçısıdır”.

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq, “ANS Müstəqil Yayım və Media” şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Eyni zamanda MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apelyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

***

Bir gün öncə isə bəzi saytlarda “Mirşahin Ağayev ağır xəstəliyə tutulub” başlığı ilə yazı dərc edilmişdi. Məlumatda ANS-in baş redaktorunun hansı xəstəliyə tutulduğu qeyd olunmasa da, bildirilirdi ki, o, bizim.info saytının əməkdaşına açıqlamasında zorla danışdığını, vəziyyətinin ağır olduğunu deyib. Məlumat mətbuat orqanlarında yayılan andan diqqət çəkərək ictimaiyyətdə, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bəziləri jurnalistin işsizlik sindiromu yaşadığını, ağır depressiyaya düşdüyünü, uzun-uzadı məhkəmə proseslərindən bitib-tükəndiyini, digərləri isə son olaylar üzündən ağır ürək xəstəliyinə düçar olduğunu iddia etdi. Bu da heç də əsassız deyil.

Məlum olduğu kimi ANS-in vitse-prezidenti Mirşahin Ağayev hələ bu ilin yanvarında ürəyində yaranan ciddi problemlər üzündən təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. ANS Şirkətlər Qrupu prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov da bu faktın doğru olduğunu təsdiqləmişdi...

İndi də onun ürək xəstəliyindən əziyyət çəkdiyini düşünənlər çoxdur. İddiaya görə, ANS-in qəfildən bağlanılması, bir-birinin ardınca keçirilən, tez-tez təxirə salınan məhkəmə prosesləri, gərgin çıxışlar jurnalistin səhhətində ciddi problemlər yaranmasını qaçılmaz edir...

Haqqında yayılan şayiələrlə bağlı Mirşahin Ağayevin özündən rəy almağa çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı. Ancaq o, sentyabrın 8-də keçirilən ANS şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kasasiya şikayəti üzrə keçirilən məhkəmə prosesində iştirak edib. Bu barədə məhkəmədə iştirak edən əməkdaşımız məlumat verib. Əməkdaşımızın sözlərinə görə, onun səhhətində problem olduğu müşahidə olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...