Prezident səhhətinə görə təcili məzuniyyət götürdü
Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsindən sonra tibbi müayinələrdən keçmək üçün məzuniyyət götürüb. Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir. “Prezident Almazbek Atambayev tibbi müayinələrin keçirilməsi məqsədilə qısamüddətli məzuniyyət götürüb”, - deyə Qırğızıstan Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.
Məlumata əsasən prezidentin məzuniyyəti oktyabrın birinə qədər davam edəcək. Xatırladaq ki, ötən gün Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi məlum olub.
"Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib", - deyə sayta yerləşdirilən məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: "Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub".
743 dəfə oxundu